İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən il 5 milyon manatdan çox zərər edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci ili 5,244 milyon manat zərərlə başa vurub.
"Report" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 40,2 % çoxdur.
Ötən il də İKTA-nın gəlirləri olmayıb, inzibati xərcləri 5,105 milyon manat (39,7 % çox), maliyyə xərcləri 16 min manat (35,3 % çox), digər xərcləri 46 min manat (3,2 dəfə çox), amortizasiya xərcləri isə 76 min manat (27,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə İKTA-nın aktivləri 502 min manat olub ki, bu da illik müqayisədə 78,65 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 4,9 dəfə artaraq 6,853 milyon manata, balans kapitalının çatışmazlığı isə 5,7 dəfə artaraq 6,352 milyon manata çatıb.
Xatırladaq ki, İKTA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 100 min manatdır. Agentlik telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olaraq müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir. Quruma Nail Mərdanov rəhbərlik edir.