azia.az
azia.az

İnsanın bütün təzahürləri gözəl olmalıdır

9-08-2018, 07:18

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü mövzumuzda zəmanənin ən aktual suallarından birinə toxunmaq istəyirik. Belə ki, günümüzdə ən çox verilən suallardan biri budur ki, nə üçün ən mütərəqqi dünyagörüşünü əks etdirən, ən gözəl əxlaqı təlqin edən, böyük simalarla: Həzrət Peyğəmbərlə (s), Həzrət Əli (ə) ilə, Xanım Zəhra (s.ə.) ilə, İmam Həsən (ə) və İmam Hüseyn (ə) ilə səciyyələnən bir din, bir mübarək təlim dünyada, toplumlarda kifayət qədər geniş təşəkkül tapmamışdır? Bunun səbəbləri nədir?

Bu sualın bir çox cavabları vardır, lakin biz bu gün diqqətimizi əsas cavaba yönəltməyə çalışacağıq.

Məfkurənin toplumda tutduğu yeri onun ardıcılları müəyyən edir

Toxunulan sualın cavabında deyirik ki, bəli, əlbəttə ki, dinimiz çox gözəldir. Bəli, Peyğəmbərimizin (s), Əhli-Beytinin (ə) tayı-bərabəri yoxdur. Bəşəriyyətin çata biləcəyi ən yüksək mərtəbələr - İslam dinindədir. Amma, bu dinin daşıyıcıları əqidələrinə sadiq olmasalar, inanclarına sahib çıxmasalar, İslam dini insanlar arasında, toplumlar içərisində, zaman və məkanlarda necə öz yüksək yerini tuta bilər?

Misal dalınca uzağa getməyə lüzum yoxdur: əgər toplumumzdakı möminlər Rəcəb ayının, Şəban ayının, Ramazan ayının, Zilhiccə ayının digər mübarək ayların fəzilətlərini özləri yaşatmasa, bu ayın nemətlərindən bəhrələnməsə, necə ola bilər ki, onlar bu dəyərləri toplumda yaya bilsinlər, insanlara təbliğ edə bilsinlər?

Yaxud əgər inanclı insanlar zülmü ifşa etməsə, haqqın tərəfində olmasa, onlar digər insanları cəmiyyətdə İlahi dəyərləri yaşatmağa necə dəvət edə bilərlər? Amma əgər inanclı insanın oturuşunda-duruşunda, rəftarında, danışığında dinin tövsiyələri özünə yer tutubsa, bu zaman ətrafdakılar da İslamın gözəlliklərini görüb, tanıyıb, bəyənərlər - nəticədə riayət etməyə başlayarlar. İslamın gözəllikləri yalnız o zaman cəmiyyətdə özünə yer tuta bilər ki, onun daşıyıcıları bu gözəlliyi lazımınca dərk edib yaşatsınlar.

Beləliklə, İslamın bəşəriyyətdə özünə xas layiqli yeri tutmasının zəruri və kafi şərti məhz budur: bu əqidənin daşıyıcılığı iddiasında olan insanlar onun prinsiplərini yaşatmalı, həqiqətdə Peyğəmbər (s) və Əhli-Beytinin (ə) mübarək yolunun yolçuları olmalıdrlar.

Tərəqqi İslamın mahiyyətini təşkil edir

İslamı yaşadan - hər bir zaman və məkanda onu həqiqətdə qəbul edən, onu daşıyan, dəstəkləyən insanların həqiqi imanıdır. Söhbət fanatizmdən getmir və gedə də bilməz. İslam fanatizmi rədd edir. İslam rasionallıq, fəlsəfə və məntiq üzərində bərqərar olunmuş bir İlahi təlimdir. İslamı qəbul edən - gözəlliyi qəbul edir. Gözəllik İslamın zatındadır. Odur ki, İslama qovuşan - bu gözəlliyə qovuşur, İlahi məhəbbət onun ətinə, qanına, canına hopur. Bu məhəbbət, bu gözəllik onun hərəkətlərini, əməllərini müəyyənləşdirir - gözəlliyi cəzb və çirkinlikləri dəf edir həqiqi iman əhli.

Odur ki, yapışdıra bilmirlər İslamımıza binladenləri, əzzərkaviləri, əlbağdadiləri, işidçiləri və başqa tör-töküntüləri. Yaş torpaq quruduqda divardan qopduğu kimi, bu əldəqayırma "islamçıların" da maskaları sifətlərindən qopur, əməllərinin arxasından sahiblərinin qulaqları görünməyə başlayır. Fayda verməyəcəkdir bu texnologiyalar! İslamdan insanları qaçırmağa səbəb ola bilməz bunlar! Çünki dinimizin təmizləyici, paklayıcı mahiyyəti bu çirkləri ifşa edib, kənara atır, özünə yapışmağa qoymur.

İslahat, tərəqqi, vücudi inkişaf İslamın mahiyyətindədir. İslamı daşımaq istəyən insan daim qəlbini təftiş etməli, özündə islahat aparmalı, inkişaf etməlidir. Və istər kənd-oba, istər şəhər, ölkə, dünya səviyyəsində həqiqi dəyərlərin özünə kifayət qədər yer tapmamasının əsil səbəbi, dünyanın İslamdan bu dərəcədə məhrum olmasının əsil səbəbi burada gizlənir - dinin daşıyıcılarının özlərini kifayət qədər gözəllik və kamilliyə təslim etməmələrində.

İnsanın həqiqi inkişafına lazım olan amil - imandır

Bəs insanın vücudi inkişafı hansı təməl üzərində həyata keçirilməlidir? Sözsüz ki, bu təməl - imandır. Və imanın nə olduğunu müəyyənləşdirmək bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

İmanın nə olması barədə müxtəlif nəzəriyyələr vardır. Birinci qisim nəzəriyyəçilər hesab edir ki, iman - sırf qəlb mənşəli və bəsit bir anlamdır. Amma əksər mütəxəssislər hesab edir ki, iman - mürəkkəb, yəni tərkibli bir kateqoriyadır. Və İslam məntiqində hesab edilir ki, iman - 3 tərkibin toplumundan, vəhdətindən əmələ gələn bir həqiqətdir. Bu 3 tərkibə aiddir:

1) etiqad;

2) əməl;

3) əxlaq.

Və əgər bu 3 amil birlikdə insanda cəmlənibsə, yalnız bu halda o, mömin adlana bilər.

Beləliklə, demək olar ki, həqiqi iman sahibi bir kəsdir ki, onun:

1) qəlbində səhih və düzgün etiqad məskunlaşıb, özü də bu etiqad ən yüksək həddədir;

2) əzaları saleh və gözəl əməllərə yönəlir, yəni dinin vacib və bəyənilən bildiyi əməlləri yerinə yetirir və qadağan etdiyi əməllərdən çəkinir;

3) batini gərək əxlaqi gözəlliklərlə zinətlənmiş olsun, daxili aləmi İlahi dəyərlərlə yaşasın, əlbəttə ki, əməllərində təzahür etmək şərtilə.

Quran ayələrini təhlil etdikdə, göstərilən bu müddəanın təsdiqini tapırıq. Görürük ki, möminin xüsusiyyətlərini təqdim edən ayələr, göstərilən bu 3 kateqoriyadan birinə aid olur. Təbərrük üçün "Bəqərə» surəsinin 177-ci ayəsinə müraciət edək: "Ehəqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar!».

Beləliklə, tövhid və məada, bunların arasında olan etiqadi əsaslara: nübuvvətə, imamətə, ədlə iman bəsləmək etiqadın əsası olduğu kimi, gözəl əməllər və əxlaqi keyfiyyətlər də bu sistemi kamilləşdirən mübarək tərkib hissələrdir. Qurani-Kərimin mübarək ayələrinə nəzər saldıqda, burada lhər bir vəziyyətdə "lahi zikrə qərq olma", "göylərin və yerlərin yaradılışı haqqında düzgün düşüncə məqamına malik olma", "yaradılışın haqq və dürüstlük üzərində olması qənaətinə malik olma", "cəhənnəm atəşindən hifz olunma", "zalımlardan olmamaq", "günahların bağışlanması", "pisliklərin örtülməsi", "salehlər zümrəsinə aid olma", "namaz halında gözəl durum", "boş işlərdən çəkinmə" kimi və bir çox digər istəklərin həmin 3 kateqoriyaya - etiqada, əmələ, əxlaqa aid olmasını görürük. İman - dərin etiqaddan, etiqad bəslədiyinə əməl etməkdən və gözəl əxlaqi xüsusiyyətlərə malik olmaqdan ibarətdir.

Mömin səbirli və mətin olmalıdir

Müqəddəs İslami mənbələrdə imana xas xüsusiyyətləri açıqlayan mətnlərə diqqət edək. Əmirəlmöminin Həzrət Əlidən (ə) nəql edirlər: "Möminlər hadisələr, müsibətlər, fitnələr və təlatümlər qarşısında dözümlü və vüqarlıdır. Xoşagəlməyən məsələlər müqabilində möhkəm, dayanıqlı və şücaətlidir. Bəlalarda - dözümlü, genişlik və açıqlıqda - minnətdar, İlahi ruziyə - qane, düşməninə (belə) zülm etməyəndir. Dostlarının üzərində ağır yük deyil. Camaat ondan rahatdır. Və özü insanların rahatlığı üçün çətinlik və məşəqqətdədir".

Mübarək Əli (ə) məntiqindən bəlli olur ki, çətinliklər üz verdikdə, imanlı insanın müsbətlikləri daha da üzə çıxır. Əslində, bu mübarək bir test vasitəsidir - insan çətinliklər qarşısında naümid olduqda, sarsıldıqda, bu, imanın zəifliyinə dəlalət edir. Demək, özünü təftiş etməli, etiqadında olan əyri-əskikləri müəyyən edib çıxarmalıdır. Bəlalar vaxtı dözümlü olan mömin, rahatlıq, firavanlıq vaxtı şükür-nemətli olur. Mömin, ona verilən ruziyə qane olur, naşükürlük etmir, ruzi imtahanına qarşı səbir nümayiş etdirir. Mömin hətta düşməninə qarşı da qəddarlıq etmir - layiq olduğu cəzadan yuxarısını düşməninə qıymır. Ətrafdakılarını, qonşularını incitməz, narahat etməz mömin. Və daima çalışar ki, insanlar üçün rahatlıq yaratsın.

Mömin, insanlara yalnız fayda verməlidir

Bu mətləblərə vardıqda, insan öz həyatını əsaslı şəkildə dəyişə bilər. Həzrət Rəsulullahdan (s) bir mübarək hədis nəql edilir ki, möminin təsvir edir: "Mömin - təmiz, kamil, həqiqi mənfəətin, faydanın özüdür. Əgər ona tərəf qədəm qoysan, sənə fayda verər. Əgər onunla məşvərət etsən, sənə fayda verər. Əgər onunla şərikli iş görsən, sənə fayda verər. Və möminin işindən hər bir şey təmiz fayda və xeyridir".

İslamın nəzərində mömin nəinki ziyan vurmaz, nəinki fayda verməklə kifayətlənər, o - faydanın özü olmalıdır. Onun hər bir təzahürü insanlar üçün həqiqi fayda gətirməlidir. Mömin nə etsə, insanlara faydalı olmalıdır. Əlbəttə ki, burada diqqətli olmaq lazımdır ki, insan bu müddəaları səhv başa düşüb konformistə, hamıya yarımağa çalışan simasiz bir insana çevrilməsin. Əgər mömindən söhbət gedirsə, təbii ki, burada iman şərtdir və yaxşı nədir, pis nədir, fayda nədir - bunlar imanla müəyyən edilir. Müvafiq olaraq, fayda - yalnızca İlahi dəyərlər sistemində belə hesab olunan bir şeydir. Mömin yaxşı insanlara birbaşa fayda verirsə, zülm edənləri, camaatın haqqını yeyənləri ifşa etməklə ümumilikdə topluma öz fayda töhfəsini vermiş olur. Bütün bü hallar da şəxsiyyət və ləyaqətin, izzəti-nəfsin ən gözəl formada saxlanması ilə şərtlənir. Nəticə etibarilə, möminin təzahürləri bir-birini müsbət mənada tamamlayır və vahid hədəfə - İlahi xidmətə doğru yönəlməlir.

Həzrət Rəsulullahdan (s) nəql edilən digər bir hədisdə bildirilir: "(Möminin) hərəkətləri lətif və yumşaq, məhzəri, hüzuru - şirindir. İşlər içində ən üstününü seçər. Əxlaqlardan ən alisinin dalınca gedər. Onunla düşmən olana zülm etməz. Ona sevgisi olan şəxsə görə günah etməz. Yaşayış xərci az, insanlara xidməti çox olar. İşini gözəl yerinə yetirər, sanki onun üzərində nəzarətçi vardır. Harama göz yetirməz. Əliaçıqlıq və səxavət sahibidir, istəyəni əliboş buraxmaz. Sözünü ölçülmüş deyər. Dili batil demək üçün lal olar. Batil bir şeyi dostundan (belə) qəbul etməz. Haqqı düşmənin əleyhinə (belə) döndərməz. Bilgili olmaqdan başqa digər səbəb üçün (nəyisə) öyrənməz. Və əməl etməkdən kənar bir iş üçün bilgili olmaz. Əgər dünya əhli ilə olsa, onların ən zirəkidir. Əgər axirət əhli ilə yolçu olsa, onların ən təqvalısıdır".

Gördüyümüz kimi, dinimiz bizə həqiqi möminin sifətlərini müxtəlif prizmalardan açıqlayır. Belə ki, möminin yanında olan heç kəs pislik görməz. Mömin - əxlaq təcəssümüdür. Mömin o dərəcədə prinsipial olmalıdır ki, hətta dostunun da pis əməllərini qəbul etməməli, haqdan düşməninə qarşı da sui-istifadə etməməlidir. Elmə yalnız biliyini artırmaq üçün yiyələnər və biliyini mütləq tətbiq edər, mənasız yük kimi daşımaz. Dünya işlərindən qafil olmaz, zirək olar. Mömin ən yaxşı oxuyan, ən yaxşı işləyən olmalıdır. Hər bir işində öndə getməlidir.

Məşhur yazıçı və mütəfəkkir Çexovun “İnsanda hər şey gözəl olmalıdır” təbiri, yüzdə yüz möminə aiddir - sözün həqiqi, zati mənasında.

Uca Allaha dua edirik ki, bütün inanc əhlinə bu gözəl sifətlərə malik olmağı nəsib etsin, inşəallah!

Allahım, bizlərə həqiqi möminə xas xüsusiyyətlərə malik olmağı, mənfi sifətlərdən xilas tapmağı nəsib et!

Allahım, bizlərə Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) həqiqi ardıcıllarından olmaq səadətini inayət et!

Allahım, ümmətin problemlərinin həllini, işğal altında olan torpaqların tezliklə azad olunmasını, xəstələrin şəfa tapmasını, əsirlərin azad olmasını nəsib et!

Allahım, 12-ci İmam - Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdir! Amin!

Hacı İlqar İBRAHİMOĞLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi