Bismilləhir-Rahmənir-Rahim!
Günümüzün ən aktual mövzularından biri ruzi ilə bağlıdır. Ələlxüsus da həm dünyada, həm də ölkədə obyektiv və subyektiv səbəblərdən baş verən bahalaşma prosesi fonunda bu mövzunun gündəmə gəlməsi aktuallaşmışdır. Və ümumilikdə də son illərdə bu mövzu vaxtaşırı olaraq müzakirə mövzusu olmaqdadır. İlk növbədə, bu, mübarək dinimizin tərki-dünyalığı rədd etməsi fonunda gedən müzakirələrin mərkəzi mövzusu kimi çıxış edir.
Tərki-dünyalığın dinimizə aidiyyəti yoxdur
Bəzən inanclı kəsimin daxilinə müəyyən viruslar buraxılmağa cəhd edilir ki, işləməklə bağlı, qazanc əldə etməklə bağlı möminlərdə süstlük yaransın. Bu "virusların" mahiyyəti ibadətin yalnız məhdud ayinlərin icrasından ibarət olmasını aşılamaqdan ibarətdir. İnanclı çevrəsinə nisbətdə insanları istər oxumaqdan, istər işləməkdən pisikdirmək, tərki-dünyalığa üstünlük vermək cəhdləri zaman-zaman edilirdi.
Təbii ki, bütün bunların İslama bir aidiyyəti yoxdur. Mübarək dinimiz hər zaman tərki-dünyalığı pisləyir, insanın ictimada olmasını, halal ruzi qazanmasını istəyir. Amma, bəzən bu məsələnin ifratı da olur. Belə ki, qazanc ardınca getmək kimi məsələlər insanı o qədər məşğul edə bilir ki, insan dinin vacibi buyurduğu əməllərə kifayət qədər süst yanaşır.
Beləliklə, bu məsələnin ifratı və təfriti var. Ya insan özünü tamamilə işsiz-gücsüz, özünün yaratdığı ehtiyaclılıq içində görür, ya da ki, ruzi qazanmaq adı ilə hər şeyi buraxıb, gecəsini-gündüzünü yalnız qazanc əldə etməyə həsr edir. Özü də ki, birinci halda insan özünü bir "müqəddəslik" örtüyünə də bürüyə bilir. İkinci halda isə, "yaxşı işlər görmək, xeyriyyəçilik etmək üçün çalışıram" bəhanəsilə özünü aldadır və bütün varlığını qazanc əldə etmək prosesinə həsr edir.
Qeyd etmək lazımdır ki, bahalaşma prosesi bu məsələrə bir növ yeni impuls verməkdədir. Bir tərəfdən, bu bahalaşma, çətinləşmə fonunda kimsə bu tempə tab gətirməyib, "özümü dinə, ibadətə həsr edirəm" kimi düsturlarla tərki-dünyalığa üstünlük verəcək, çalışmağı, ruzi dalınca getməyi kənara qoyacaq.
Bunun digər ifratı isə öz vücudi suallarını cavablandırmaqdan, öz həqiqi missiyasını yerinə yetirməkdən çox, özünü bütövlükdə qazanca həsr etməyə meyilli insanların davranışı olacaqdır. Onlar tamamilə zombiləşəcək, özünü, ailəsini, yaxınlarını unudacaq, ictimada gedən proseslərə süst olacaq və bütün varlığının, mövcudiyyətinin mənasını pul əldə edib onu xərcləməkdə görəcək. Və eyni zamanda, özünə də hərdən elə gələcək ki, inancdadır, dindədir, yaxşı işlər görür.
İlahi! Məni qəni et!
Toxunduğumuz mövzuların Əhli-Beyt (ə) mənbələrində təqdimatı, bunlar barədə düzgün qərar verməyə çox böyük yardım edər. Həzrət İmam Səccad (ə) "Məkarimul-əxlaq" duasında Uca Rəbbdən belə diləyir: "Allahım! Məni qəni, imkanlı et və Sənin ruzini mənim üçün geniş et".
Gördüyümüz kimi, əziz İmam (ə) Allahdan ehtiyacsızlıq istəməyin yolunu göstərir, eyni zamanda ruzinin genişliyini bir nemət olaraq təqdim edir.
Eyni zamanda, həmin duanın davamında ruzi istəməyin sərhədləri göstərilir, imkanlılıq arzu etməyin istiqaməti verilir və burada yarana biləcək problemlərə işarə olunur: "Allahım! Məni (sərvət sahiblərinə) nəzər salmaqla imtahana çəkmə".
Göstərilir ki, imkanlılıq, qənilik, ruzi diləmək - yaxşı bir məsələdir. Amma, bununla yanaşı, başqa bir təhlükədən də insan çəkindirilir - digərinin sərvətinə nəzər salmaq, tamaha gəlmək kimi zəlalət gətirə biləcək xislətlərdən. Bu təhlükə insanlara çatdırılır, bir örnək olaraq onların müvafiq davranış konsepsiyası müəyyənləşdirilir. Başqalarının imkanlarına, sərvətlərinə göz salmaq, tamaha gəlmək kimi işlərdən bəndə öz Yaradanına pənah aparır.
Yəni, bir tərəfdən dua edilir ki, "ey əziz Allahım! Ey əziz Rəbbim! İmkan mənbəyi Sənsən, ruzi mənbəyi Sənsən. Mənə imkan və ruzi nəsib et, verdiyin ruzini geniş et". Ruzi baxımından qənilik, insanlardan ehtiyacsızlıq istənilir Allahdan. İkinci tərəfdən bəndə tamaha mürtəkib olmaqdan qorxur, tamahın onun ruhiyyəsində qoyduğu öldürücü izləri nəzərə alıb, bu xislətin ondan uzaq olmasını istəyir: "Allahım! Məni digər insanların imkanlarına, sərvətlərinə, mallarına baxmaqdan çəkindir". Bəndə bu baxışları sadə bir şey saymır, bunu ağır imtahan hesab edir və bunun altına girmək iqtidarının ona aid olmamasını bəyan edir, bu ağır imtahanın ondan yan keçməsini istəyir: "Allahım! Məni bu baxışlarla imtahana çəkmə!
Tamahla imtahan olunmamaq
Diqqət etsək, görərik ki, bu sözügedən baxmaqlıq, tamah nəzərlərilə kiminsə sərvətinə gözucu da olsa nəzər yetirmə - əslində günah üçün münbit bir şərait, günahlar üçün bir müqəddimə rolunu oynayır. Belə ki, tamah - insanın sonradan günahın ardınca getməyini şərtləndirən əsas amillərdəndir. İnsan nəyə tamahını salırsa, həmin şeyə malik olmaq hissi, həmin şeyin onda da olması arzusu onun bütün mənəvi durumunu yuyub aparır, haram yola qədəm qoymasını ciddi surətdə təmin edir.
Beləliklə, bizə aydın olur ki, qənilik, imkanlılıq istənilməlidir. Amma burada insan kimdən gəldi bunu istəməməlidir, kiminsə qarşısında belini əyməməlidir. Ruzi mənbəyi, ehtiyacsızlıq, qənilik mənbəyi - Uca Alllahdır. Və çətinliklərin uzaq olması üçün insan Allahdan onu da istəyir ki, ona əta olunan ruzi bol olsun.
Onu da bildik ki, mübarək dinimiz digər insanların sərvətinə göz qoymağı ağır imtahanlardan sayır. Və ruzi ilə bağlı imtahandan şərəflə çıxmaq nə qədər yüksəliş verirsə, onun qabağından çəkilmək, təslimçilik əhval-ruhiyyəsinə malik olmaq da bir o qədər ruhi məşəqqət gətirən bir işdir.
İnsan tək bir baxdığını istəmir ki. Bu tamah baxışları insanda xeyli digər günahlara da yol açır. İnsan baxdıqca, nəzərlərini gödəltməyə özünü məcbur etmədikcə, onda asta-asta deqradasiya amilləri baş qaldırır.
Ruzinin müqəddimələrinin nəsib olunması
Öncəki izzət mövzusunda olduğu kimi, ruzi istəmək məsələsi də insan tərəfindən ruzinin gəlib ona birbaşa yetişməsini istəmək demək deyil. Əslində söhbət, ruzinin yetişməsinin tofiqatının əta olunmasından gedir. Necə izzət mövzusunda insan özündən gələn nə varsa, iqtidarında, qüdrətində nə varsa onu edir və sonra Allaha təvəkkül edərək, sığınaraq, izzətin ona yetişməsini istəyir - ruzi məsələsi də elədir. İnsan çalışır, səy edir, işini düzgün qurur. Allah Təala da ona ruzini inayət edir. Əslində ruzi istəyən bəndə diləyir ki, "Allahım! Mənə çalışqanlığı nəsib et, bu çalışqanlığın davamlılığını, qalarlığını nəsib et, bunu əldə etmədə Öz tofiqatını nəsib et!".
Və ikinci hissədə imtahandan qorunmağı, tamah sınağına çəkilməməyi istəmək də eləcə. Təbii ki, belə deyil ki, insan oturub baxacaq və imtahanlar öz-özünə ondan yan keçəcək. İnsan özü iradə etməlidir, niyyəti dəqiq olmalıdır. Kimsə gəlib onun niyyətini təmərküzləşdirməyəcək və müəyyənləşdirməyəcək. Və yaxud gəlib onun qəlbini açıb, oraya iradəni yerləşdirməyəcək. İnsan özü iradə edir, amma Allahdan bu iradənin bərəkətliliyini istəyir. Bu iradənin möhkəmləndirilməsini istəyir. Lənətlik iblisin vəsvəsvəsəsindən amanda qalmasını istəyir.
Ümumilikdə götürsək, əslində insanın bütün bədbəxtçilikləri məhz nəfsini özbaşına buraxmasından başlanır, özgə malına tamah salmaqdan başlanır. Bir xislət olaraq, tamahı günahların hərəkətverici qüvvəsi kimi qiymətləndirə bilərik. Bu xisləti insan basa bilsə, digər rəzalətlərə də sinə gərə bilər.
Ruzi dalınca getmək tövsiyələri
Mübarək dinimizin mətnlərinə nəzər salsaq, ruzi ilə bağlı təşviqedici xarakterli tövsiyələrin olduğunu görərik. Və bununla yanaşı, dünyaya bağlılığın pislənməsini də görərik. Yəni, halal ruzi dalınca getməyin tövsiyəsi ilə yanaşı, dünya malının əsirinə çevrilməyin zəlalət olması barədə xəbərdarlıqlar var. Bunları bir-bir ayırd edək ki, dinimizin bərəkətli tövsiyələrinin mahiyyətini qavraya bilək.
Əvvəl ona diqqət yetirək ki, ümumən İslam dini ruzi dalınca getməyi təşviq edir. Bəlkə heç bir məfkurədə, düşüncədə, dünyagörüşündə İslam dinində olduğu qədər ruzi ilə bağlı təşviqat yoxdur. Ən məşhur bir məsələ - ibadətin onda doqquzun ruzi qazanmaqdan ibarət olmasdır. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "İbadət on hissədir, onun doqquzu - halal ruzi axtarmaqdır".
Başqa bir yerdə görürük ki, ruzi dalınca getmək cihadda iştiraka bərabərləşdirilir. Rəsuli-Əkrəm (s) buyurur: "Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs, Allah yolunda mücahid kimidir".
Hətta halal ruzi qazanmaq o qədər böyük əhəmiyyət daşıyır ki, dinimiz bunu vacib əməllə bərabərləşdirir. Allah Elçisindən (s) nəql edirlər: "Halal ruzi qazanmaq hər müsəlman kişi və qadına vacibdir".
Ruzi qazanmaqdan irəli gələn yorğunluq - Mütəal Allahın sevdiyi xüsusiyyətlərdəndir. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah Təala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər".
Qiyamət günündə, haqq-hesab çəkilən məqamda halal ruzi qazanan şəxsin aqibəti gözəl olacaqdır. Rəhmət Peyğəmbəri (s) buyurub: "Öz zəhməti ilə çörək yeyən şəxs, Sirat körpüsündən ildırım kimi keçəcək".
Başqa bir yerdə zəhməti ilə ruzi əldə edənə olan hörmətdən danışılır. Həzrət Peyğəmbər (s) buyurub: "Allah Təala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzəri ilə baxar və heç vaxt ona əzab verməz".
Bekar olmaq deqradasiyaya səbəb olur
Dinimiz ruzi əldə etməməyi, lənətlənmək üçün əsas kimi təqdim edir. Əziz İslam Peyğəmbərindən (s) sərt bir xəbərdarlıq vardır: "Öz ailəsinin xərcini təmin etməyən kəs məlundur, məlun!".
İmam Muhəmməd Baqirdən (ə) nəql edilən hədisdə avaraçılığın, bekarlığın dinimiz tərəfindən necə pislənməsi təsvir edilmişdir: "Həzrət Musa (ə) buyurdu: "Ya Rəbb! Bəndələrindən hansı biri Sənin dərgahında daha çox qəzəbinə səbəb olar?". Rəbb buyurdu: "O kəs ki, gecələri ölü kimi yatağında olar və gündüzləri avaraçılıqla keçirər"".
Bekar olmaq, işsiz-gücsüz gəzmək dinimiz tərəfindən çox pislənmişdir. Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: "Əgər işlə məşğul olmaq zəhmətə və əziyyətə səbəb olursa, daimi bekarçılıq da nadürüstlüyə və fəsada səbəb olur".
Fəsad mühitinin əmələ gəlməsinin ən ciddi amillərindən biri - bekarçılıqdır. Bunun da ən birinci ünsürlərindən biri - öz məişətini, dolanışığını təmin etmək istəməyən insanlardır. Dinimiz belələrini çox tənbeh edir. İslam Peyğəmbəri (s) buyurur: "Məlundur, qovulmuşdur o kəs ki, öz yaşayış yükünü digərlərinin çiyninə atır".
Peyğəmbərimizin (s) zəhmətkeşə göstərdiyi ehtiram
Ruzi qazanmağın ən böyük təşviqedici mətnlərindən biri, Peyğəmbərin (s) zəhmətkeşə göstərdiyi misilsiz ehtiramla bağlıdır. Ənəs ibn Malik nəql edir: "Rəsuli-Əkrəm (s) Təbuk döyüşündən qayıdırdı. Səd Ənsari onu qarşıladı. Həzrət (s) onunla görüşdü və Sədin əlini qabar-qabar gördü. Buyurdu: "Əlinə nə olub, onu nə bu hala salıb?". Səd cavabında dedi: "Ya Rəsulullah! Mən əkinçiliklə məşğulam və ailəmin dolanışığını bu yolla təmin edirəm". Rəsulullah (s) onun əlini öpdü və buyurdu: "Bu, bir əldir ki, atəş (Cəhənnəm odu) ona təmas tapmaz"".
Ruzi qazanmağın əhəmiyyəti, məqamı o qədər böyükdür ki, əziz İslam Peyğəmbəri (ə) gəlib zəhmətkeşin əlindən öpür. Bu böyüklükdə ümmətin Peyğəmbəri (s), Allah Təalanın yerləri-göyləri yaratmasının səbəbkarı olan Rəsul (s), sadə bir əkinçinin əlini öpür - əməyə və halal ruzi qazanmağa verilən İlahi qiymətin və dəyərin təzahürü kimi. Kimsə deyir ki, İslam dini süstlük, tənbəllik verir, çalışmaqlıq vermir, tərki-dünyalığa üstünlük verir - onun gözəl ən cavabı budur: bu ümmətin Peyğəmbəri (s) ruzi üçün çalışan əlləri öpür!
Amma ən əsas şərti yaddan çıxartmaq olmaz ki, halal ruziyə nə qədər təşviqat varsa da, bunun zəruri və kafi şərti - Allaha bəndəlik müstəvisində olmasıdır. Əgər ruzi dalınca getmək insanı Allaha bəndəliyə aparırsa, əgər bu məsələlər insanı Alllahdan uzaq salmayacaqsa, əksinə, Allah Təalanın deydiyi yolla getməyi daha da gücləndirəcəksə - bu deyilən qiymətlərin, verilən dəyərlərin hamısı ona aiddir.
Amma əgər ruzi əldə etmək adı ilə insan Allahdan uzaqlaşacaqsa, Allaha bəndəlik müstəvisindən çıxacaqsa - demək onun məşğul olduğu işə ruzi əldə etmək deyilməz. Nəql olunan dəyərlər onun gördüyü işə şamil olunmaz.
Uca Allah cəmi insanlara bu mətləbləri düzgün anlamaq tofiqatını nəsib etsin!
Allahım! Bizləri halal ruzi ardınca gedənlərdən qərar ver!
Allahım Bizlərə Sənin istədiyin işlərlə məşğul olanlardan olmağı nəsib et!
Allahım! Cəmi bəndələrini mənasız və nadürüst işlərdən uzaq et!
Allahım! İşğal olunmuş torpaqların tezliklə qəsbdən qurtulmasını nəsib et!
Allahım! Öz Hüccətin - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin! Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof