Tofiq Heydərov məsuliyyətdən qaçır: - “Hissəm 0 faizdir
Tofiq Heydərov son günlər “AAAF Park” yaşayış kompleksində yaşanan problemlərə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, iş adamı “Facebook”dakı şəxsi səhifəsində yazdığı statusla məsələlərə aydınlıq gətirib.
Maraqlıdır ki, sakinlər “biz donuruq və sizə borcumuz yoxdur” dediyi halda Tofiq Heydərov hələ də onlardan pul qopartmaq fikrindədir.
Bundan başqa sakinlərlə bağladığı müqavilədə öhdəlik götürdüyü maddələri indi minnət kimi sırımaq istəyir, üstəlik qiyməti artıracağını söyləyir. Hazırda, Xırdalanda 1 kv.m-nın qiyməti 600-700 manat olduğu halda, o, mənzilləri fantastik şəhər qiymətinə – 1000 AZN-ə satmaq niyyətindədir:
Son günlər “AAAF Park” yaşayış kompleksinin A və B məhəllələrinin bir sıra sakinləri saytlar, “Facebook” səhifələrindəki yazılar vasitəsi ilə şirkətimizin imicinə böyük zərbə vurmağa çalışırlar. Kimlərinsə himayəsi altında olanlar sakinlərimizin yerinə saxta qol çəkərək onların adından saxta müraciətlər edirlər, çirkin əməlləri ilə vətəndaşlarımızın dövlətə qarşı qaldırılmasına zəmin yaradırlar. Keçən il mənim “AAAF Park”da yaşadığım evə hücum təşkil etdilər. Hətta evi yandırmaq təklifi verən adamların əlimizdə videoyazısı belə durmaqdadır. Dəfələrlə qeyd etməyimə baxmayaraq, yenə deyirəm. “Olimp” MTK-da təsisçi payım 20 faiz, “Qismət Ruzi” MTK- da 0 faiz, “AAAF İnşaat” MMC-də 50 faizdir. Bu inşaatlar məlum podratçılar tərəfindən tikilib. Mənim işim əsasən idman komlekslərinin və parkın tikintisini aparmaqdan ibarət olub. Podratçı və MTK sədrlərinin işlərini müəyyən səbəblərdən yarımçıq buraxaraq qaçması ilə əlaqədar olaraq inşa edilən 200-ə yaxın binadan 20 faizində bu gün tamamlanmamış işlər qalıb. Bu yarımçıq işlər ev alan müştərilərimizin həqiqi narahatlığına səbəb olub. Mən və təsiçisi olduğum digər şirkətlər milyonlarla ziyan hesabına bu işləri tamamlamaq üçün var gücümüzlə mübarizə aparırıq. Allahın köməyi ilə çox problemi aradan qaldıra bilmişik. Bu səbəblərdən “AAAF Park”ın digər üç lahiyəsinden ev tikintisi tam olaraq lahiyələrdən çıxarılıb.
Hörmətli sakinlər, bizim şirkətlərə qarşı süni manelər yaradan adamlar yaxında cəzalarını hüquq müstəvisində alacaqlar. Sizdən xahişim budur ki, siz də etdiyiniz hərəkətləri hüquq müstəvisində aparın və şirkətlərimiz üçün böyük problemler yaradan borclarınızı ödəyin. Yaxında mənzillərə və obyektlərə çıxarış veriləcək və bundan sonra 1 kv.m-i 1000 manatdan baha olacaq evlərimizin. Xahiş edirəm, sizin kiçik problemlərinizin həll olunması üçün sabahdan borclarınızı ödəyin və bizi ödənişlərini vaxtında edən gözəl müştərilərimizin yanında pis vəziyyətdə qoymayın. Ümumi vəziyyəti nəzərə alaraq biz də bu məhhərrəmlik ayında ödənişlərinizi tam ödədiyiniz halda (evleri bitmiş sakinlərimizə aiddir) 30 faizə qədər ödənişdən azad olunma və digər güzəştli şərtlərlə sizi sevindirməyə çalışacağıq. Allah köməyiniz olsun”.
Qeyd edək ki, Tofiq Heydərov özünün faizinin az olduğunu iddia etdiyi MMC-lər də əsasən qohumlarının adına sənədləşdirilənlərdir.
Məsələ ilə bağlı araşdırmanı davam etdirəcəyik…