Rusiyada Azərbaycan vətəndaşı zorla müharibəyə aparılıb, əsir düşüb – Fotolar
Bakı şəhər sakini Hüseynova Sevinc Ramiz qızı bildirir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşamış Azərbaycan Respublikasının vətəndaşı olan övladı – Əzimov Ağamir Rauf oğlu qanunsuz olaraq müharibəyə aparılıb.
O bu barədə Yeniavaz.com-a müraciətində deyib.
S. Hüseynova iddia edir ki, A. Əzimovun iki azyaşlı övladı var və o, saxlanılanadək ailəsi ilə birlikdə Moskvada yaşayıb.
“Həmin şəhərdə olduğu müddətdə oğlumla mütəmadi olaraq əlaqə saxlayır, məlumat ala bilirdim. Sonuncu dəfə 20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə saxlayan zaman bildirdi ki, Rusiya Federasiyası ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə qanunsuz olaraq saxlanılaraq miqrasiya idarəsinə aparılıb, orada psixi və fiziki zorakılığa məruz qalıb. Ona bildirilib ki, məcburi qaydada Ukrayna Respublikası ərazisində həyata keçirilən xüsusi hərbi əməliyyatlarda iştirak üçün aparılacaq. Ötən il aprelin 21-də əvvəlcə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi xidmətə qəbul üçün vahid mərkəzdə iradəsinə zidd olaraq müqavilə bağlamağa məcbur edilib, daha sonra isə məcburi qaydada hərbi əməliyyatlarda iştirak üçün göndərilib”, - S. Hüseynova bildirib.
“Oğlum Ağamir Əzimovun vəziyyəti, olduğu yer haqqında araşdırmalarım zamanı övladım haqqında əldə etdiyim video-görüntülərdən sonra bir ana kimi yaşadıqlarım çox ağır və dözülməzdir. Həmin görüntülərdən məlum olub ki, oğlum Ukraynanın Silahlı Qüvvələri tərəfindən əsir alınıb”, - S. Hüseynova qeyd edib.
O deyir ki, oğlunun olduğu yerin müəyyən edilməsi, ölkəyə qaytarılması ilə bağlı zəruri tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) rəsmi qaydada müraciətlər edib:
“Rusiya Federasiyası və Ukrayna Respublikası arasında davam edən müharibə zamanı əsir düşmüş şəxslərin dəyişdirilməsi fəaliyyətini həyata keçirən Səudiyyə Ərəbistanının, Qətər dövlətinin və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinə, həmçinin müharibə tərəfləri Rusiya Federasiyası və Ukrayna Respublikasının Azərbaycandakı səfirliklərinə, həmin dövlətlərin müdafiə nazirliklərinə, Rusiya Federasiyası və Ukrayna Respublikası Qırmızı Xaç cəmiyyətlərinə, hər iki dövlətin insan hüquqları üzrə müvəkkillərinə dəfələrlə rəsmi qaydada müraciətlər etmişəm. Müraciətimlə bağlı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri tərəfindən qəbul edilmişəm, hadisə barədə ətraflı məlumatlar vermişəm”.
S. Hüseynova deyir ki, artıq 8 aya yaxın müddətdir, oğlu ilə bağlı hər hansı yeni xəbər əldə edə bilməyib.
O, həmçinin məsələnin həllini tapması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
“Dövlətimizin aidiyyəti qurumlarından da oğlumun yerinin müəyyən edilərək, vətəndaşı olduğu ölkəyə qaytarılmasının təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin yerinə yetirilməsini, bu həssas məsələyə biganə qalmamalarını xahiş edirəm”, - S. Hüseynova bildirir.
Yeniavaz.com-un Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, Hüseynova Sevinc Ramiz qızının Ombudsmana müraciəti ilə bağlı Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkilinə sorğu göndərilib və nəticəsi barədə vətəndaşa ətraflı məlumat verilib:
“Məsələ Ombudsmanın nəzarətindədir və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində adıçəkilən şəxsin hüquqlarının müdafiəsi istiqamətində icraat davam etdirilir”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə ünvanladığımız müvafiq sorğu hələ ki, cavablandırılmayıb. Lakin qurumun mətbuat katibi Ayxan Hacızadə Yeniavaz.com-un sorğusundan bir müddət sonra yerli mətbuata açıqlama verərək, A. Əzimovun Ukraynada əsir düşməsi faktının araşdırıldığını deyib.
“Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə, məlumat verəcəyik”, - deyə A. Hacızadə bildirib.
Murad Məmmədov