azia.az
azia.az

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaq keçirilib

Dünən, 23:28

Bu il təsis olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), "Milli sərvətdən dayanıqlı inkişafa doğru" şüarı altında, Fond əməkdaşlarının iştirakı ilə İllik Yığıncağı keçirilib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan milli neft strategiyasının bir hissəsi olaraq və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan ARDNF, ötən müddət ərzində Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm qurumlardan birinə çevrilmişdir.

Tədbirdə çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov, Fondun ötən 25 il ərzində keçdiyi inkişaf yolundan, əldə olunmuş mühüm uğurlardan və gələcək planlardan bəhs edərək bildirib ki, “1999-cu ildə əsası qoyulan Dövlət Neft Fondunun hazırkı aktivləri 60 milyard ABŞ dollarını keçərək, ölkə iqtisadiyyatının təxminən 80 faizinə bərabər olmuşdur. Bununla yanaşı, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər artıq 15 milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir.”

Tədbirdə Fondun müxtəlif struktur bölmə rəhbərləri də çıxış edərək, ARDNF-nin 25 il ərzində əldə etdiyi nailiyyətlərə nəzər salıblar. Çıxışlarda ölkə iqtisadiyyatına dayanıqlı və uzunmüddətli töhfələr vermək məqsədilə həyata keçirilən layihələr, investisiya strategiyaları və idarəetmə prinsipləri ətraflı müzakirə olunub. Gələcək perspektivlərdən danışan çıxışçılar dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal investisiya platformalarında aktiv iştirak kimi prioritet istiqamətləri xüsusilə önə çəkiblər.

Qeyd edək ki, Dövlət Neft Fondu, yaradıldığı gündən bəri həm möhkəm təməlləri, həm də çevik idarəetmə yanaşması ilə ölkənin iqtisadi dayanıqlılığını təmin etməkdə mühüm rol oynayır. Prezident İlham Əliyevin dəstəyi ilə ARDNF bu gün indiki və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas iqtisadi sütunlardan biri kimi fəaliyyətini uğurla davam etdirir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi