“Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi”nin açılışı olub
Naxçıvan Dövlət Universitetində “Akademik Zərifə Əliyeva adına Biotibbi Araşdırmalar Mərkəzi”nin açılışı olub. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, Naxçıvan Dövlət Universitetinin rektoru tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Qazaxıstan parlamentinin deputatı, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutunun direktoru, Qazaxıstan Respublikasının Milli Kurort Assosiasiyasının Prezidenti, professor Sayagul Kairgeldina və digərləri iştirak ediblər.
Fiziologiya İnstitutu ilə Naxçıvan Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə əsası qoyulan yeni mərkəz tədqiqatçı alimlər, doktorantlar, dissertantlar, magistrlər, rezidentlər və elmi tədqiqat işləri ilə məşğul olan tələbələr üçün geniş imkanlar yaradacaq. Elmi-tədqiqat mərkəzi universitetin Tibb fakültəsində yerləşir və tibbin müxtəlif sahələri, həmçinin biologiya və kimya elmləri üzrə araşdırmaların aparılması məqsədini daşıyır. Eyni zamanda, müxtəlif elmi sahələr üzrə birgə tədqiqatların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir.
AMEA-nın prezidenti, Akademik İsa Həbibbəyli çıxışında Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə Əliyevanın adını daşıyan mərkəzin əhəmiyyətini yüksək qiymətləndirib. O, mərkəzin alimin fəaliyyət istiqamətləri üzrə araşdırmalara, xüsusilə peşə xəstəlikləri və herontologiya kimi sahələrdə tədqiqatlara mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd görkəmli alim Zərifə Əliyevanın elmi məktəbinin davamçılarını yetişdirməkdir. Eyni zamanda mərkəz hər iki müəssisənin potensialından istifadə etməklə dünya elmində tədqiqatların aparılmasına töhfə verəcək.
AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, professor Sayagul Kairgeldinanın da çıxışları dinlənilib.
Sonra tədbir iştirakçıları “Akademik Zərifə Əliyeva Adına Biotibbi Araşdırmalar Mərkəzi” ilə tanış olublar.