azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanada çalışan könüllülər təcrübə proqramlarını uğurla başa vurublar

Dünən, 23:14


Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov könüllülərlə görüşüb.

 Direktor öncə fəaliyyətlərini uğurla başa vuran "MEK könüllüləri"ni təbrik edib, ölkəmizdə könüllülük hərəkatının geniş vüsət alaraq cəmiyyətimizdə böyük rəğbət qazanmağında ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri yüksək diqqət və qayğısından danışıb.

 Kitabxana rəhbəri Akademiya prezidenti, akademik İsa Həbibbəylinin xüsusi dəstəyi nəticəsində AMEA-da ilk dəfə olaraq “MEK könüllüləri"nin fəaliyyətə başladığını xatırladıb. Direktor müsabiqə zamanı fərqli ixtisaslar üzrə 200-ə yaxın gəncin müraciət etdiyini, bunların sırasından ilk dəfə üçün 20 nəfərin seçildiyini diqqətə çatdırıb. Son üç ay ərzində intizamlılıq, işgüzarlıq, operativlik göstərərək təcrübi biliklərini artırdıqlarını, kollektivdə işləmək, yaradıcı, innovativ və sosial bacarıqları mənimsədiklərini vurğulayıb. Kitabxana xidməti, fondların və şöbələrin işində fəal iştiraklarına görə onların hər birinə təşəkkür edib, uğurlar arzulayıb.

 Tədbirdə iştirak edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri müasir Azərbaycanda könüllülük hərəkatının davamlı inkişafa töhfələr verdiyini bildirib. Sərxan Xavəri Akademiyada elmin informasiya təminatının formalaşdırılması və kitabxananın tamamilə elektronlaşması istiqamətində işlərin sürətləndiyi bir zamanda “MEK könüllüləri" layihəsini təqdirəlayiq hal kimi dəyərləndirib.

 Könüllülərə məsul şəxs kitabxananın elmi katibi Şəbnəm Rüstəmova öz növbəsində, bu müddət ərzində onlarla çalışmağın maraqlı tərəflərindən, həmçinin kitabxanada könüllülük fəaliyyətinin üstünlüklərindən danışıb, burada qazandıqları təcrübənin gənclərin gələcəkdəki iş fəaliyyətlərinə müsbət təsir göstərəciyini vurğulayıb. Elmi katib onu da qeyd edib ki, "MEK könüllüləri" layihəsinə qoşulmaq istəyən digər gənclər isə 10.01.2024-cü il tarixədək məlumatlarını təyin olunmuş elektron ünvana (mekkonullu@gmail) göndərə bilərlər.

 Tədbirdə MEK-in şöbə müdirləri çıxış edərək, könüllülərin kitabxana fəaliyyətinə cəlb edilməsinin müsbət tərəflərindən danışıblar.

 Könüllülər yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər.

 Sonda könüllülük fəaliyyətlərini uğurla başa vuran gənclərin hər birinə xasiyyətnamələr, birillik oxucu kartı, sertifikatlar təqdim olunub, onların kitabxanadakı fəaliyyətlərindən bəhs edən videoya baxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi