MEK-də “Yaşıl dünya naminə həmrəylik ili”nin yekununa dair tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) cari “Yaşıl dünya naminə həmrəylik ili”nin yekununa dair "Yaşıl dünya üçün bilginin gücü: kitablardan gələcəyə yol" adlı dəyirmi masa keçirilib.
Tədbirdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov, MEK rəhbərliyi və əməkdaşları iştirak ediblər.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, dünya kitabxanalarında ekologiya və ətraf mühitin qorunması, dayanıqlı inkişafa dəstək istiqamətində həyata keçirilən yaşıl hərəkata rəhbəri olduğu kitabxana da uğurla qoşulub. Direktor cari ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamları və AMEA Rəyasət Heyətinin qərarlarının icrası çərçivəsində qarşıya qoyulan hədəflərdən irəli gələrək kitabxana tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər, elmi-praktiki konfranslar, virtual və ənənvi sərgilərdən danışıb. Görülən işlərin içərisində Mərkəzi Elmi Kitabxananın tərtibatında işıq üzü görən “Təbiət bir kitabdır” adlı nəşri, “Azərbaycan ekologiyası” biblioqrafik göstəricisini tədqiqatçılar üçün mühüm töhfə kimi dəyərləndirən direktor bu sahədə bir sıra yeni layihələrin planlaşdırıldığını da diqqətə çatdırıb.
Daha sonra c.ü.f.d. dosent Müseyib Yunusov “Yaşıl dünyanı qoruya biləcəyikmi?” adlı geniş məruzə ilə çıxış edib. Alim “Yaşıl dünya”, “Yaşıl iqtisadiyyat”, “Yaşıl enerji”, “Yaşıl zona”, “Yaşıl nəqliyyat”ın aktuallığından, bu sahədə aparılan elmi tədqiqatlardan danışıb. Qarabağın “Yaşıl enerji” resurslarının potensialını da diqqətə çatdıran məruzəçi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğal müddətində yaranmış ekoloji problemlərdən, meşələrinin, dövlət qoruqları və yasaqlıqlarının sistematik məhvindən, zonanın faydalı qazıntılarının açıq üsulla çıxarılması nəticəsində yeni relyef formaları, süxur tullantıları yaranaması ilə təbiətə vurulmuş ziyandan bəhs edib. Alim, həmçinin işğaldan azad olunmuş regionlarda təkcə hidroenerji deyil, eləcə də tükənməyən və bərpa olunan enerji potensialından istifadənin perspektivlərini də qeyd edib.
Tədbirdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva, Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədova, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova çıxış edərək dünyada təbii resursların azalması səbəbindən artan ekoloji təhlükələr və ekoloji davamlılıq sahəsində görülən tədbirlərin kitabxanalara təsirindən danışıblar, ətraf mühitə qarşı həssaslığı istiqamətində MEK-in təbliği vəzifəsini vurğulayıblar, yaşıl kitabxanaya dönüşmək üçün ölkə kitabxanalarının, o cümlədən MEK-in yetərli potensialının olduğunu bildiriblər.
Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MEK-də ilboyu davam edən eyniadlı sərgiyə baxış keçiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi