KATV1 kabel televiziyası operatorunun sahibi yenə cərimələnir
KATV1 kabel televiziyası operatorunun sahibi “AG Telekom” MMC-yə yenə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır.
Xatırlatma: Şirkət bir müddət əvvəl Mərkəzi Bankın İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib etdiyi protokolla cərimələnmişdi.
Qeyd: "AG Telekom" 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 040 manat olan şirkətin qanuni təmsilçisi Samir Qurbanovdur. Şirkət Azərbaycan ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir.
Xəyal Quliyev