azia.az
azia.az

AMEA Rəyasət Heyətində müşavirə keçirilib

16-10-2024, 21:45


Bu gün AMEA prezidentinin yanında müşavirə keçirilib. Müşavirədə Akademiyada doktorantura təhsilinin müasir vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli doktorantura təhsilinə marağın artdığını, bu il aspiranturaya sənəd təqdim edənlərin sayının çoxaldığını və istedadlı gənclərin Akademiyaya müraciət etmələrini müsbət hal kimi qiymətləndirib.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2024-cü ildə Akademiyada doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib.

AMEA Humanitar və İctimai Elmlər bölmələrinin elmi katibləri filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova təmsil etdikləri elmi bölmələr üzrə doktoranturaya qəbulun vəziyyəti barədə statistik məlumatları diqqətə çatdırıb, dissertasiya mövzularının Bölmələrdə geniş müzakirəsinin keçirildiyini bildiriblər.

AMEA-nın akademik-katibi akademik Arif Həşimov Akademiyada doktorantura təhsilinin daha da təkmilləşdirilməsi üçün təkliflərini səsləndirib.

Aktuallığı və əhəmiyyəti nəzərə alınaraq doktorantura təhsili ilə əlaqədar məsələnin AMEA Rəyasət Heyətinin iclasında daha geniş tərkibdə müzakirə edilməsi tövsiyə olunub.

AMEA prezidentinin yanında keçirilən müşavirədə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunun görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunan birgə ensiklopediyanın hazırlanması ilə əlaqədar məsələ müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi