azia.az
azia.az

DVX-nın təşkil etdiyi 3-cü “Yay Təcrübə Proqramı” başa çatıb

15-10-2024, 00:21


 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələri tələbələrinin bilik, bacarıq və şəxsi inkişafına dəstək məqsədilə təşkil etdiyi sayca üçüncü “Yay Təcrübə Proqramı” yekunlaşıb. Bununla əlaqədar Proqramın bağlanış və sertifikatların təqdimat mərasimi keçirilib. 

Tədbirdə iştirak edən DVX-nın rəisi Orxan Nəzərli “Yay Təcrübə Proqramı”nın nəticələri və uğuru haqqında danışaraq, Proqramın əsas məqsədlərinə çatdığını bildirib. Orxan Nəzərli “Yay Təcrübə Proqramı”nın insan resurslarının formalaşdırılması istiqamətində əhəmiyyətli rolunu vurğulayıb, kadr ehtiyatının gücləndirilməsi baxımından gələcəkdə mühüm faydalar gətirəcəyini qeyd edib. 

Tədbirdə “Yay Təcrübə Proqramı”nın iştirakçıları tərəfindən komanda şəklində müxtəlif təqdimatlar edilib. Proqram iştirakçıları ilə səmimi söhbət edən DVX rəisi onların təkliflərini dinləyib, tələbələri maraqlandıran sualları cavablandırıb.  

Tədbirin sonunda xatirə şəkli çəkilib. 

Qeyd edək ki, 3-cü “Yay Təcrübə Proqramı”na ölkənin ali təhsil müəssisələrinin 700-dən çox tələbəsi müraciət edib, onlardan 60 nəfəri seçim mərhələlərindən keçərək Proqramda iştirak hüququ qazanıb. Tələbələr layihə çərçivəsində DVX-nın Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qoşulublar. Burada tələbələrə DVX-nın təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müvafiq səriştələr üzrə təlimlər təşkil olunub. Yay düşərgəsindən sonra iştirakçılar DVX-nın Aparatında, həmçinin Bakı və regionlarda yerləşən qurumlarında 8 həftəlik təcrübə keçiblər, praktiki biliklərə yiyələnərək, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi