azia.az
azia.az

Mais Bərxudarovla bağlı daha bir AÇIQLAMA – “Kimliyindən asılı olmayaraq…”

7-10-2024, 21:31

“General-leytenant Mais Bərxudarovun vəzifədən azad edilməsi ilə bağlı artıq 2 gündür mətbuatda müxtəlif xəbərlər tirajlanır. Hesab edirəm ki, Müdafiə Nazirliyi Mais Bərxudarovla bağlı rəsmi məlumat yaymalıdır ki, sosial mediada, yaxud digər platformalarda yanlış informasiyalar öz əksini tapmasın”. 

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov İkinci Ordu Korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib. 

“Mais Bərxudarovun özü yerli medianın suallarını cavablandırarkən faktı təsdiqləyib. “Yeni təyinat gözləyirsinizmi?” sualına isə “heç nə bilmirəm” deyə bir az da qəzəbli tonda münasibət bildirib. Düşünürəm ki, hər nə də olsa, Mais Bərxudarov Azərbaycan Ordusunun general-leytenantıdır. Onunla bağlı lazımsız söz-söhbətlərin yayılmaması üçün Müdafiə Nazirliyi açıqlama yaysa yaxşıdır”, – ekspert əlavə edib.

O, Mais Bərxudarovun şərti adı “Beyləqan işi” olan “Tərtər işi” ilə əlaqədar olaraq vəzifədən uzaqlaşdırılması haqda iddialara da münasibət bildirib:

“Buna münasibət bildirə bilmərəm, çünki əlimdə faktlar yoxdur. Əgər belə bir məsələ varsa, bununla bağlı da ictimaiyyətə açıqlama verilməlidir. Çünki həm Sumqayıt Məhkəmə Kompleksində, eləcə də Bakı Hərbi Məhkəməsinin hakimlərinin keçirdiyi proseslərdə bir neçə dəfə Mais Bərxudarovun adı hallanıb. Onun qərargah rəisi olmuş general Vəkil Orucov da məhkəməyə ifadəsi zamanı “yuxarı komandanlıq” deyərək, konkret olaraq tabe olduğu Mayıs Bərxudarova işarə vurub, bəzi açıqlamalar verib. Ümumiyyətlə, Mais Bərxudarovun adının bir çox xoşagəlməz olaylarda hallandığını mən də eşitmişəm”.

O, Müdafiə Nazirliyində təkcə Mais Bərxudarovla bağlı qərar verilmədiyini vurğulayıb:

“Bildiyimə görə, həm Quru Qoşunlarında, həm Müdafiə Nazirliyinin sistemində bir neçə generalın yerdəyişməsi olub. Bu yerdəyişmə, sərəncam, yaxud da rotasiya ilə bağlı yəqin ki, müəyyən məlumatlar verilsə, yaxşı olar. Yanaşmam ondan ibarətdir ki, kimliyindən asılı olmayaraq, istər döyüş generalı olsun, istər kabinet – hamı qanun qarşısında bərabər olmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi