İslama görə 3 dəfə "boş ol" deməklə boşanma gerçəkləşir? - İlahiyyatçı aydınlıq gətirdi
Ölkəmizdə son vaxtlar boşanmaq mənəvi olaraq sanki daha asanlaşmağa başlayıb. Təbii ki, mentalitetimizə görə bu mərhələyə gəlib çıxmaq elə də tez olmayıb. Lakin hələ də davamlı olaraq boşanmaların qarşısının alınmasına, daha doğrusu sayının azaldılmasına çalışılır. Hətta boşanmaların sayının azaldılması üçün boşananda yüksək məbləğdə rüsum tətbiq edilməsi də təklif edilmişdi.
Bildiyimiz qədər, İslam dinində isə kəbinin pozulması üçün 3 dəfə “boş ol” deyilməsi kifayətdir. Bəs dində boşanmaq bu qədər sadədirsə, niyə qanuni şəkildə bu qədər çətinləşdirilir? Yoxsa bilmədiyimiz başqa məqamlar var?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, İslam dinində evlilik boşanmaqdan çox asandır:
“Hər iki nəfərin razılığı və şahidlərlə elan edilir, qadına mehr verilir, bununla da evilik baş tutur. Biz sadəcə evlilik mərasimini təntənəli şəkildə edirik və bəzən bunu altından çıxa bilmirik. Ömürdə bir dəfə olur deyə özümüzü çox çətin vəziyyətə salırıq. Boşanma İslam dinində 3 dəfə “boş ol” deyilməsi qədər bəsit deyil. Bundan əvvəl ağsaqqal və ağbirçəklərin barışdırma cəhdləri, insanların bir müddət biri-birindən ayrı qalması kimi müəyyən ailədaxili proseslər var”. E.Miri qeyd edib ki, bu proses ölkəmizdə çox adiləşdirilib:
“Təəssüflər olsun ki, sosial şəbəkələrin bu mövzuya mənfi təsir etdiyini görürük. İnsanlar öz azadlıq anlayışını ekranlarda gördükləri və ya başqalarının yaşayışları ilə müqayisə etdikləri üçün belə problemlər yaranır. Amma bu məsələdə müəyyən bir vaxtın verilməsi ən ağılabatandır. Bəzən insanlar, xüsusən də gənclər hər hansısa bir məsələdə dərhal qərar verməyə çalışır, münasibətləri kəsməyə səy göstərirlər. Bu isə doğru yanaşma deyil. Bu məsələlərdə hər iki tərəf bunu nəzərə almalıdır. Müəyyən yaxşı nüanslar nəzərə alaraq boşanmanın qarşısı alınmalıdır. Boşanma asan məsələ deyil, olmamalıdır. Buna görə burada ailələrin qorunması, ailə anlayışının inkişaf etdirilməsi, gücləndirilməsi ilə bağlı işlər aparılmalıdır”.
Firuzə Əliyeva