"Sapım sizin ağzınıza, ağzınızı tikirəm" .- Ekspert Elzanın bu şeiri ilə bağlı AÇIQLAMA verdi
Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Rəngarəng" verilişində yazdığı "Sapım sizin ağzınıza, ağzınızı tikirəm" şeirini səsləndirib. Seyidcahan yeni şeirinin fəlsəfi mənasını belə nəql edib:
"Mənim sapım çox məlhəmlidir. Əgər mən o sapla kiminsə ağzını tikmişəmsə, onun açmağının da zamanını bilirəm. Bunu mən özüm etmirəm. Bunu mənə Allah deyir ki, belə et".
Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Bəs görəsən televiziyalar bu şeirlərin efirdə səsləndirilməsinə niyə göz yumur?
Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən media eksperti Azər Həsrət bildirib ki, buna səbəb televiziyaların ucuz reytinq arxasınca qaçmasıdır:
"Təəssüflər olsun ki, televiziya kanallarımız bəzən ucuz reytinq arxasınca çox qaçır. Buna görə də keyfiyyətsiz, insanların zövqünü korlayan, hətta əxlaqını pozan görüntüləri efirdə təqdim edirlər Söhbət konkret bir şəxsdən getmir. Televiziya öyrədici, tərbiyəedici olmalıdır. Televiziyanın göstərdiyi hər şey insanlara örnək olmalıdır. Televiziya sadəcə olaraq bir nəsil, bir yaş qrupu üçün deyil. Ona uşaqdan böyüyə hamı baxır. Bu səbəblə də göstərdiklərinin fərqinə varmalıdırlar. "Nə göstərdik? Niyə göstərdik? Kimi göstərdik? Necə göstərdik?" sualları ətrafında ciddi düşünməlidirlər. Yoxsa ağzına və ağlına gələni danışanları, efirlə hamamı səhv salanları gətirib efirə çıxarırlar və tamaşaçının zövqünü korlayırlar. Eyni zamanda yetişməkdə olan nəslin əxlaqını pozurlar. Ona görə düşünürəm ki, Audiovizual Şura bu məsələlərlə bağlı ciddi tədbirlər görməlidir. Yəni artıq televiziyaların rəhbərlərini, müvafiq məsul şəxslərini yığıb uyğun təlimat və tapşırıqlarını verməlidirlər. Bu addımlar atılmalıdır ki, televiziyalar insanların əxlaqını korlamasın".
Çiçək Sadatova