azia.az
azia.az

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

25-09-2024, 00:17

 

 44 Günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və ordusunun məğlubedilməz olduğunu əyani şəkildə göstərdi. 24 saatlıq Lokal Antiterror əməliyyatı isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdi. Böyük əzmkarlıq göstərən Azərbaycan xalqı ordusunun dayağında durmaqla Ali Baş Komandanın əmrində müsəlləh dayandı. Bu birlik illərdən bəri işğal altında qalan torpaqlarımızın düşmənlərdən təmizlənməsini reallaşdırdı. Birinci və ikinci Qarabağ müharibəsi bir daha göstərdi ki, dövlətin başında dayanan şəxsin qüdrəti, əzmi və qətiyyətindən çox şey asılıdır. Heç şübhəsiz ki, qətiyyətli rəhbər ölkədə siyasi, iqtisadi, mədəni sahədə uğurlu inkişafa nail olub, ordu quruculuğunu sürətləndirdi və yenilməz ordu yaratdmağa nail oldu. Ordumuz ən müasir silahlarla təmin edildi. Bütün bunlar düşmən üzərində qələbəni şərtləndirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu son 200 illik tarixdə görünməmiş zəfərə nail oldu. 

Bu yazımızda möhtəşəm qələbəyə ürəkdən sevinənlərdən biri- Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və dəfələrlə  düşmən mühasirəsindən böyük güc və bacarıq hesabına sıyrılıb çıxan Nazim əziz oğlu Qəhrəmanov barədə söhbət açacağıq. Onu yaxından tanıyaq:

Nazim Əziz oğlu Qəhrəmanov 12 avqust1969-cu ildə Laçın rayonunun Güləbird kəndində sürücü ailəsində anadan olmuşdur. Orta məktəbi Güləbird kəndində bitirdikdən sonra Xankəndində sürücülük kursuna daxil olur və oranı bitirir. 1987-ci ildə Rusiyanın Vladivostok vilayətində həqiqi hərbi xidmətə çağırılır, 1989-cu ildə xidmətini başa vurub anadan olduğu Güləbird kəndinə qayıdır. 

O, 811 Saylı Hərbi hissənin tərkibində Vaqif Cabbarovun rəhbərliyi ilə yaradılmış Güləbird özünümüdafiə dəstəsinə könüllü yazılır. Nazim Əziz oğlunun dediklərindən:

“Atam xəstəxananın maşınının sürücüsü olduğu üçün, ara-sıra maşını idarə edir, nasaz hissələrini təmir edirdim. Döyüşdüyümüz ərazinin relyefi o qədər sərt idi ki, həmin ərazilərdə yalnız “Niva” və “Uaz” markalı, yəni altı hündür olan maşınlar hərəkət edə bilridi. Bu baxımdan postlara təminatı belə maşınlarda aparırdım. Vəziyyət gərgin idi. 

1991-ci ildə Laçının Qubadlı istiqamətində Güləbird, Cicimli, Malxələf, Dəyhan kəndlərinə düşmənin irimiqyaslı hücumunun qarşısını böyük fədakarlıqla aldıq. Hər kəs müdafiə olunmaq üçün səfərbər olmuşdu. Azğınlaşmış erməni dəstələri tez-tez hücuma keçir, yaratdığımız müdafiə səddini yarmağa çalışırdılar. Ağır döyüşlər gedirdi. Sərhədyanı kəndlərin müdafiəsini çox böyük güc hesabına saxlaya bilirdik. O vaxtı vahid mərkəzi idarəetmə komandanlığı olmadığına görə ən böyük güc bizlərin, özünümüdafiə dəstələrinin üzərinə düşürdü. 

Milli Qəhrəman onu xilas etdi

Nazim Əziz oğlu Qəhrəmanov Milli Qəhrəman Qorxmaz Eyvazov barəsində xatirələrindən və keçdiyi ağır döyüş yolundan danışıb, onun nə qədər qorxmaz, cəsarətli və vətənpərvər olduğunu söyləyir:

“Səfiyan kəndi tərəfdən düşmənin hücumlarının birində ağır “qantuziya” aldım. Milli Qəhrəman Qorxmaz Eyvazov məni ağır döyüş şəraitində döyüş ərazisindən çıxardı. O, qorxmaz, çevik, vətənpərvər adam idi. Dəfələrlə öz canını təhlükəyə atıb, döyüş yoldaşlarını ölümdən xilas etmişdi.

“Qızartı” əməliyyatı bizim üşün daha ağır döyüş oldu. Səfiyanda mühasirəyə düşmüşdük. Döyüş yoldaşlarım dedi ki, Rizvan rəhmətliyi ürəyindən vurublar. O yerindəcə ŞƏHİD olmuşdu. 

Bizim qoruduğumuz müdafiə postları çox idi. 

Postları belə adlanırdı:

1.Arı-1

2.Üstəpə-1

3.Drevengi postu

4.Papavel postu

Bu postlarda erməni quldurlarının qarşısını canımız bahasına alırdıq. Həmin döyüşlərdə neçə-neçə şəhid vermişdik. 

Allah bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin! 

Mən bəzən komandiri əvəz edirdim. Gecə-gündüz əllər tətikdə düşmən qarşısında dayanmışdıq. 1993-cü ilin mart ayına qədər Laçının Güləbird daxil olmaqla bir neçə kəndi istiqamətində irəliləməyə çalışan düşmənə qarşı ağır döyüşlərə başladıq. İlqar və onun qardaşı mənimlə birlikdə döyüşüb. Bir dəfə atışmaların birində “dəli” Camalın oğlu İlqar tuneldə yaralandı. Rəhmətlik Rizvan “DŞK”-a ilə düşməni geri qaytarmağa nail oldu.Bununla da biz ona yaxınlaşa bildik...

Bir müddət sonra biz 6-cı batalyonu yaratdıq. Artıq Laçından çıxmışdıq. İlk olaraq Qubadlının mərkəzindəki otelə(o vaxtlar qastinsa deyirdilər), bir neçə gündən  sonra isə Xəndək kəndindəki bağçaya yerləşdik. Ağır döyüşlər gedirdi. Döyüşlərin birində döyüş yoldaşım Əhliman vuruldu. Şəhidimizi döyüş gedən ərazidən götürmək mümkün deyildi. Onu deyim ki, onun nəşini götürməyə kimsə yox idi. Qaz dərəsi ilə Güləbirdin arasında yerləşən Zilanın kahasından ŞƏHİDİMİZİ götürdük. 

Qeyd edim ki, Milli Qəhrəman Qorxmaz, Rembo ləqəbli Qəşəm və İlqarla ağır döyüşlərdə iştirak eləmişəm...”

Döyüşlərdə onun böyük qəhrəmanlığı olub

Ehtiyatda olan mayor, hər iki Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi Muxtar Həşimovun dediklərindən:

“Nazim Qəhrəmanov atasının sürücüsü olduğu təcili yardım maşını ilə yaralıların təxliyə olunmasında misilsiz xidmətlər göstərmişdi. Silah-sursat və təminatın daşınmasında onun xüsusi rolu olub.

1992-ci ilin dekabr ayında “Koridor” əməliyyatını qeyd edə bilərəm. 1992-ci ildə Güləbird döyüşlərində əvəzsiz qəhrəmanlıqlar göstərib. O döyüşdə düşməni geriyə çəkilməyə məcbur etdik. Ermənilər hər şeyi qoyub qaçırdılar. Biz bir ədəd T-72 markalı 822 nömrəli tankı ələ keçirdik.

Qeyd edim ki, 02.11.1992-ci il tarixdə düşmənin T-72 434 nömrəli tankının ələ keçirilməsində Valeh Cabbarovun və Nazim Qəhrəmanovun(bu əməliyyatda digər döyüşçülər də iştirak ediblər) əvəzsiz xidmətləri oldu.

Nazim Qəhrəmanov 10.11.1992-ci ildə Yuxarı Cibikli döyüşlərində də kəndin düşməndən azad edilməsində iştirak edib.

22.11.1992-ci il tarixdə Güləbirdi mühasirədən qurtarmaq üçün “telestansiya” uğrunda döyüşlərə başladıq. Bu döyüşdə də Nazim Qəhrəmanov, Fikrət Firidov, Habil Hümbətov, Məhiyəddin Salahov, Çingiz Məmmədov, Qubatel İsayeva və digərləri böyük sücaət göstərdi. Həmin gün düşmənin 80 nəfər canlı qüvvəsi məhv edildi. 

29.12.1992-ci il tarixdə  Türklər kəndini azad edilməsi üçün gecə vaxtı döyüşlərə başladıq. Nazimin də iştirak elədiyi bu döyüş son dərəcə uğurlu oldu.  Düşmənin iki ədəd T-72 tankını, bir ədəd PDM-1,  bir ədəd PDM-2, 2 dədə 82 mm-lik minatanını və digər silah-sursatını qənimət kimi ələ keçirib, 15 nəfər qulduru məhv elədik.  Bir nəfər zabiti isə əsir götürdük. 21.12.1992-ci il tarixdə 

“Qızartı” əməliyyatına(Bu dağa dəfələrlə hücumumuz olmuşdu) başladıq.

Bu döyüşümüz də uğurlu alındı. Həmin döyüşdə Nazimin və digər döyüşçülərimizin böyük xidmətləri oldu. Ümumiyyətlə, 5-ci və 6-cı batalyonun (taborun) komandiri olduğum müddət ərzində Nazim Qəhrəmanovun  bir bölük komandiri, komandir sürücüsü və döyüşçü kimi əvəzsiz xidmətləri olub.

Təəssüf ki, 1993-cü ilin mart ayında Nazim Qəhrəmanov Fərəcan uğrunda gedən döyüşlərdə ağır yaralandı.” 

  

44 Günlük Vətən müharibəsində isə 32 könüllü ilə birlikdə...

 Kəşfiyyatçı-bələdçi taboruna könüllü yazılan qəhrəman o günləri belə xatırlayır: “44 Günlük Vətən müharibəsi başlayanda Muxtar müəllim və Babək Aslanovun rəhbərliyi altında 32 nəfərlə birlikdə könüllü olaraq mən də döyüşə getmək üçün yazıldım. Təəssüflər olsun ki, gedə bilmədim. 

Ancaq işlədiyim nəqliiyyat sahəsindən həmin dövrdə MN-nin xidmətinə 50 avtobus verdik. Avtobuslar Murovdağ, Başkənd,   Goranboy və Füzuli istiqamətində MN-nin tapşırıqlarını həyata keçirirdi.

Bu gün qürurluyuq ona görə ki, torpaqlarımızın azadlığı və suverenliyi tam təmin olunub, alnımız açıq, başımız dikdir.

Qazi və əsgərlərimizə cansağlığı, Prezidentimizə uzun ömür və xalqımıza əmin-amanlıq arzulayıram.

Allah cəmi ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin. Qarabağ Azərbaycandır!”

 

Subut Mehdiyev, 

“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi