Qəbirüstü tikililərə dair TƏLƏBLƏR – Qaydaları pozanları GÖZLƏYƏN CƏZA + FOTO
İnsan üçün ölüm qaçınılmaz bir sonluqdur. Qəbir və qəbiristanlıqlara ehtiyac duyulmasının səbəbi isə ölmüş insanların cənazələrinin ictimaiyyətdən kənar ayrı bir yerdə saxlanılması zərurətindən irəli gəlir.
Bu məsələ cəmiyyət üzvləri üçün hər zaman həssas bir mövzu olmuşdur. Məsələ hətta o qədər insanların heysiyyatına toxunan mövzudur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə, qəbir və ya meyit üzərində təhqiredici hərəkət ictimai mənəviyyat əleyhinə olan cinayət hesab edilir. Bu əmələ yol vermiş şəxslər iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu isə insanların vəfat edən əzizlərinin xatirələrinə ehtiramla yanaşmalarından, onlara olan duyğularınının səmimiyyətindən və cəmiyyətdə təşəkkül tapmış dini dəyərlərdən qaynaqlanır.
Ümumiyyətlə, ölkəmizdə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” 4 dekabr 2018-ci il, 522 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir. Dərhal qeyd edək ki, qəbiristanlıqlarla bağlı hüquqi tənzimlənmələr digər ölkələrdə də (məsələn, Türkiyə və s.) mövcuddur .