AMEA ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub. Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulma prosesi AMEA-da elektron hərəkat çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamıdır.
Qısa müddətdə AMEA Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının, regional bölmələrinin və elmi mərkəzlərinin internet infrastrukturunun yenilənməsinə və müasir kompüterlərlə təchizat prosesinə start verilib, eləcə də sənəd mübadiləsinin təhlükəsiz qaydada aparılması üçün zəruri digər tədbirlər həyata keçirilib. Bu məqsədlə artıq AMEA Rəyasət Heyəti aparatında internet infrastrukturu tamamilə yenilənib və müasir kompüter avadanlıqları ilə təchiz edilib.
Proses zamanı AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin təşkilatçılığı ilə AMEA əməkdaşları üçün “ASAN” Xidmət tərəfindən Elektron Sənəd Dövriyyəsi sistemindən (ESD) istifadəyə dair təlimlərin keçirilməsi təşkil olunub, həmçinin sözügedən sistem ilkin olaraq test rejimində əməkdaşların istifadəsinə verilməklə onların praktiki vərdişləri təkmilləşdirilib.
AMEA Rəyasət Heyəti фparatının Sənədlərlə iş və protokol şöbəsi Akademiyadaxili təlimləri və elektron sənəd dövriyyəsi işinin tənzimlənməsini həyata keçirir.
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi