Fəzail Ağamalının qızının açıqlaması narazılıq yaratdı — ETİRAZ
Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının fikirləri rayon ziyalılarının ciddi narazılığına səbəb olub.
Demokrat.az xəbər verir ki, Salyandan olan tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi “Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib.
Cəfər Cəfərli Günay Ağamalının fikirlərinə cavab olaraq qeyd edib ki, hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacam:
“Əziz dostlar, layiq olmadığı yerdə oturan adam həmişə narahat olar. Hər an yerini itirəcəyini zənn edərək təlaş keçirəcək. Buna həm də yüz dəfə ölüb, bir dəfə dirilmək də deyirlər.
Atalarımız daha sərrast deyib: ağlaşmasını bilməyən ölüsünü murdar edər. Hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacam”.
Vaqif Hüseynli