Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törədən qadınla bağlı QƏRAR
Sumqayıt Apellyasiya Məhkəməsində sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Lalə Süleymanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq VAZ-21011 markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən VAZ-ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb. L.Süleymanovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai dövr müddətində L.Süleymanova haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən xanım məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyərək qəza törətdiyi avtomobilin sahibinin onu təhrik etdiyini deyib. L.Süleymanova bildirib ki, hadisə günü maşının yiyəsi sərxoş vəziyyətdə olub. Bu səbəbdən ondan sükan arxasına keçməsini istəyib. Onun sözlərinə əsasən, sürücülük hüququnun olmadığını desə də, avtomobilin sahibi olan Fərid (şərti) ona narahat olmamağı məsləhət bilib. Qəzada həyatını itirən A.Məmmədovun həyat yoldaşı hüququ varis kimi tanınıb. O, təqsirləndirilən xanımı bağışlamadığını, qanunauyğun şəkildə cəzalandırılmasını istədiyini deyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Süleymanova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Kamal Məmmədov