Çimməyin təhlükəli olduğu yerlər AÇIQLANDI
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.Nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir. Bu isə bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
"Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır, - deyə müraciətdə vurğulanıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, çimmək üçün nəzərdə tutulmayan su hövzələrində, kanallarda, arxlarda, göllərdə, su anbarlarında çimmək təhlükəlidir:
“Nəzərə almaq lazımdır ki, bu yerlər çimmək təyinatlı deyil və çimmək üçün burada təhlükəsiz şərait yaradılmayıb. Suyun dibinin akvatoriyası öyrənilməyib, suyun axın sürəti bilinmir. Suyun dibində yarğanlar, çuxurlar, daş, metal parçası ola bilər. Hansı yerlərdə monitorinq aparılmayıbsa, orada çimmək tövsiyə olunmur. İnsan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Xüsusən də kanallarda suyun üzərindəki axın sürəti ilə altındakı axın sürəti eyni deyil. Bir çox insan bu barədə məlumatsızdır və gözləmədiyi anda təhlükə ilə qarşılaşıb həyatını itirə bilər. Suyub dibində lil, bataqlıq da ola bilər. Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılır. Yaxşı olar ki, valideynlər də övladlarına bu barədə xəbərdarlıq etsinlər. Əfsuslar olsun ki, insanlar yenə də təhlükəsizlik qaydalarına əməl etmirlər. Çimməyə icazə verilən yerlərdə xilasetmə xidməti olur və su sanitar-gigiyenik normalara cavab verir”.
Törə Zeynallı