BU uşaqlarla bağlı layihəyə start verilir
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi 1 iyun 2024-cü il tarixindən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası” adlı layihəyə start verir.
Layihə “Sağlam ruh, sağlam cəmiyyət naminə uşaqların psixoloji reabilitasiyası” adlı şüarla həyata keçiriləcəkdir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Üç aylıq layihənin Gəncə şəhərində, Gəncə Uşaq Sığınacağında, həmin sığınacağa yerləşdirilən uşaqlarla həyata keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi həssas qrupa daxil olan valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlarla, (6-14 yaş arası qız və oğlan) onların yerləşdirildiyi müəssisələrdə uşaqlarla fərdi işin aparılması, həmin uşaqlara mütəxəssis psixoloq tərəfindən psixoprofilaktika və psixokorreksiya və bu kimi digər elmi biliklərin əsas metodlarından istifadə edərək psixoloji yardımın göstərilməsidir. Layihə çərçivəsində dəstəyə daha çox ehtiyacı olan, sığınacaqdakı digər uşaqlara nisbətən daha çox mənəvi, fiziki travma alan ( anası içkiyə qurşanan, doğma və ya ögey atası tərəfindən cinsi istismara məruz qalan, məişət zorakılığı qurbanı olan və s.) 12 nəfər uşaq (oğlan və qız) layihəyə cəlb olunacaqdır. Psixoloji reabilitasiyaya cəlb olunan uşaqlara ixtisaslı psixoloq tərəfindən 12 mövzu ətrafında psixoloji yardım göstəriləcəkdir. Həmin mövzular aşağıdakılardır:
1. Uşaqlarda davranış pozuntularının müəyyən edilməsi və aradan qaldırılması.
2. Uşaqlarda nitq problemlərini yaradan səbəblərin aşkar edilməsi və aradan qaldırılması.
3. Uşaqlarda düzgün ünsiyyət bacarığının formalaşdırılması.
4. Yeniyetmələrdə stress ve onun idarə edilməsi.
5. Art terapiya ilə uşaq və yeniyetmələrdə aşkar edilən travmaların korreksiyası.
6. Uşaqlarda və yeniyetmələrdə özünütərbiyə.
7. Uşaq və yeniyetmələrdə depressiyanın müəyyən edilməsi və aradan qaldırılması.
8. Uşaqlarda yeniyetməlik böhranı.
9. Uşaqların davranış, özünəxidmət vərdişlərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi.
10. Uşaqların zehni inkişafına təsiretmə və inkişafetdirmə bacarıqlarının artırılması.
11. Uşaqlarda travma və mübarizə metodları.
12. Uşaqlar üçün nağıl terapiyası.
Layihəyə cəlb olunan uşaqların bir şəxsiyyət kimi sağlam inkişafını təmin etmək üçün, göstərilən psixoliji xidmətlər nəticəsində, seansa qatılan 12 nəfər uşaq çətinliklərin öhdəsindən gəlməyi, emosional və duyğusal ehtiyaclarını ödəməyi öyrənəcək, dərslərində daha uğurlu olacaqlar. Psixoloji reabilitasiyanın nəticəsi 12 nəfər uşağın hər birinin həyat keyfiyyətinə və sosial münasibətlərinə müsbət təsir göstərəcəyini düşünürük. Üç aylıq layihə 31 avqust tarixində yekunlaşacaqdır.
"Cebhe.info"