MEK-də "Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev imzası" adlı lektoriya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev imzası" adlı lektoriya keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyev irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə keçirilən lektoriyada kitabxananın direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxışı zamanı, Ümummilli Lideri Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət kimi xarakterizə edib. “Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonar, xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüş başlandı. Ölkədə sürətli və uzunmüddətli inkişafın əsası qoyuldu, bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirildi, qabaqcıl respublikalarından birinə çevrildi. Beləliklə də, gələcək müstəqil və güclü Azərbaycanın əsası qoyuldu”,- deyə H.Hüseynov əlavə edib. O, Azərbaycan Milli Elmlər Akademiyası və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə baş tutan lektoriyaların Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətini nəzərə çatdırıb.
Tədbirdə mövzu ətrafında geniş məruzə ilə çıxış edən, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezident İlham Əliyevin əldə etdiyi nailiyyətlərin hər birimizi sevindirdiyini və qürurlandırdığını, bu ideoloji xəttin inkişafında vətəndaş olaraq öz töhfəmizi verməyə çalışdığımızı vurğulayıb.
Yaxın zamanda Azərbaycanda Qurtuluş Gününün qeyd olunacağını xatırladan məruzəçi Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrü çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, istər 1969-1982-ci illər, istərsə də 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə yox idi ki, onun inkişafında Ulu Öndərin müstəsna xidmətləri olmasın, Azərbaycan həm aqrar, həm də sənaye ölkəsi kimi müttəfiq respublikalar arasında öncül sıralarda dayanmağı bacardı.
B.Nəbiyev onu da qeyd edib ki, Sovetlər birliyi dönəmindəki çətinliklər, o dövrün Azərbaycanı üçün kadr hazırlığı, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında fəaliyyətə başlamış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi liseyin yaradılması, ötən əsrin 70-ci illərində şəxsən Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş nəhəng Bakı Dərin Özüllər Zavodu, daha sonra müstəqil Azərbaycanın həyatında tarixi hadisə olan “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması Ümummilli Liderin uzaqgörənliyinin parlaq təzahürü olub.
Heydər Əliyevin türk dünyasının yetişdirdiyi iki parlaq şəxsiyyətlərdən biri olduğunu vurğulayan məruzəçi Ulu Öndərin həyata keçirə bilmədiyi taleyüklü məsələləri Prezident İlham Əliyevin parlaq şəkildə həyata keçirdiyini deyib. Diqqətə çatdırıb ki, ata nəsihətini yerinə yetirərək Ali Baş Komandan İlham Əliyev işğal atındakı torpaqlarımızı qəhrəman Ordumuzun şücaətliyi ilə geri qaytarmağa nail oldu, dünyada görünməyən tarix yazdı. Xocalıya qayıdışı uğurlamızın zirvəsi kimi dəyərləndirən YAP Yasamal rayon sədri bünövrəsinin Ümummilli Liderin qoyduğu, İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi olduğunu bildirib və bizim də bu tarixi hadisəyə şahidlik etməyimizi böyük xoşbəxtlik adlandırıb.
Tədbir müddəti Ulu Öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən video nümayiş olunub, MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən təşkil edilən kitab sərgisinə baxış keçirilib.