azia.az
azia.az

Rəsmi sənədləri nazir müavininin imzası ilə saxtalaşdıran QHT sədri ilə bağlı QƏRAR

24-05-2024, 10:13

Ali Məhkəmədə rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Nəbi Qafarovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

İttihama görə, Nəbi Qafarov 2022-ci ilin sentyabr ayında özünün adına təsis olunması əks olunan “Yeni Azərbaycana Dəstək” İctimai Birliyinin qeydiyyata alınmasına və fəaliyyət göstərməsinə hüquq verən “Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında” Şəhadətnaməsini və çıxarışın blanklarını, üzərində olan çap mətnlərini və möhür əkslərini axınlı printer vasitəsi ilə imzaları isə sənəd üzərinə birbaşa icra edilməyərək axınlı printer vasitəsi ilə çap edilməklə istifadə edib, o cümlədən saxtalaşdırıb. O, sonra isə həmin sənədləri həqiqiliyini notarial qaydada rəsmiləşdirmək məqsədilə 19 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə təqdim edib. Məlum olub ki, sənədlər saxtadır və Nəbi Qafarov cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə baxışı zamanı Nəbi Qafarov ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyib. Lakin ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Nəbi Qafarov özünü elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində deyib ki, uzun illərdir ictimai fəaliyyətlə məşğul olub və həmçinin əvvəllər digər İctimai Birliyinin sədri vəzifəsində çalışıb. Ancaq barəsində neqativ fikirlər yarandığından 2021-ci ildə könüllü olaraq ərizə ilə həmin İctimai Birliyi ləğv etdirib. Lakin 2022-ci ildə yeni təşkilat yaratmaq qərarına gəlib və adını “Yeni Azərbaycana Dəstək İctimai Birliyi” qoyaraq özündən başqa təsisçi kimi qızı və tanışını qeyd edib, yaşadığı evində keçirdiyi iclasda bu barədə onlara bildirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş M.N. (şərti) ifadəsində göstərib ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisində mütəxəssis vəzifəsində, həmçinin 4 saylı notariat ofisinin xüsusi notariusun köməkçisi vəzifəsində çalışır. O deyib ki, 19 sentyabr 2022-ci il tarixdə səhər saatlarında notariat ofisinə özünü Nəbi Qafarov kimi təqdim edən şəxs gələrək “Yeni Azərbaycana Dəstək” ictimai qurumun rəhbəri olduğunu və müvafiq dövlət orqanlarında qeydiyyatdan keçdiyini bildirib, eyni zamanda həmin quruma dair dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrindən çıxarış və nizamnaməni ona təqdim edərək həmin sənədlərin notariat qaydada təsdiq olunmasını istəyib: “Qeyd olunan sənədlərə baxdıqda dövlət qeydiyyatı haqqında şəhadətnamədə ədliyyə nazirinin müavini Toğrul Musayevin adının qarşısında olan imzanın və reyestrindən çıxarışda Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun adının qarşısında olan imza və möhürün saxta olmasından şübhələndim. Həmin sənədləri xüsusi notariusa təqdim edərək qeyd olunan sənədlərdə olan imza və möhürlərin saxta olmasından şübhələndiyimi dedim. O da həmin sənədlərə baxıb təqsirləndirilən şəxsi öz xidməti otağına dəvət etdi və qeyd olunan sənədləri ona göstərərək hansı yolla əldə etdiyini soruşub. Nəbi Qafarov həmin sənədləri özü aylar ərzində etdiyi müraciətlər əsasında dövlət qurumlarında özünün təsdiq etdirdiyini, qeyd olunan sənədlərdə olan hər hansı bir möhür və ya imzanın saxta olmasının qeyri-mümkünlüyünü bildirdi”.
 

Qeyd: Bir müddət əvvəl "Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin sədri olmuş Nəbi Qafarovun sosial şəbəkədə videosu paylaşılmışdı. İddia edilirdi ki, qadın qohumunu işə götürən Nəbi Qafarovun işçisinin qarşısına şərt qoyub. Belə ki, o, qadına intim münasibətdə olmadığı təqdirdə onu işdən qovacağını bildirib. Bu hadisəyə görə Nəbi Qafarovun kürəkəni tərəfindən döyüldüyü iddia edilib. Daha sonra Nəbi Qafarov yayılan xəbərləri təkzib edib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi