Azərbaycanda balıq ovunun qadağan edilmə vaxtları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
Dünyada qlobal istiləşmə getməsi artıq hər kəsə məlumdur. Təbii ki, bu proses hər bir canlıya birbaşa və ya dolayı yolla təsir edir. Temperaturda olan artım su hövzələrinin tez isinməsinə də səbəb olur. Nəticədə, suyun isinməsi ilə hövzələrdəki balıqlar daha erkən kürüləyə bilər. Çünki bu təbii proses birbaşa havanın temperaturu ilə əlaqədardır. Qanunvericiliyə əsasən, hər il ölkə ərazisində mayın 1-dən sentyabrın 1-nə qədər balıq ovu qadağan edilir.
Ötən günlərdə Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev açıqlamasında bildirmişdi ki, balıq ovu qadağasında tətbiq olunan standartlar sovet dönəmindən qalmadır. Çünki həmin illər üçün suda temperatur dərəcəsi ilə balıqların kürü mövsümü may və iyun aylarına təsadüf edirdi. O, indiki qadağa tətbiq edilən müddətə dəyişiklik edilməsini təklif etmişdi.
Bəs qlobal istiləşməyə görə, su hövzələrinin tez isinməsi nəticəsində balıqların tez kürüləməsi baş verərsə, moratorium tarixlərində dəyişiklik gözlənilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Xəzər dənizində moratorium Nazirlər Kabinetinin 2017-ci il 243 nömrəli Qərarına əsasən tənzimlənir:
“Bu qərarda sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün mayın 1-dən sentyabrın 1-dək, idman və həvəskar balıq ovçuları üçün isə mayın 1-dən iyul ayının 1-dək qadağa müddəti tətbiq olunub. Bu müddət balıqların bioloji xüsusiyyəti, onların artımı, kürüləmə dövrü ilə əlaqədardır. Həmin qadağa dövrü alimlər tərəfindən müxtəlif növ balıqların kürüləməsi üçün ən optimal müddət hesab olunur. Təbii ki, temperatur, yem, balığın özünün bioloji xüsusiyyəti, yaşından asılı olaraq kürüləmə tez və ya gec baş verə bilər”.
A.Babayeva qlobal istiləşmənin sözügedən müddətə təsiri ilə bağlı danışanda qeyd edib ki, bu ehtimalın yaxın müddətdə baş verməsi gözlənilən deyil:
“Bəli, bu gün bütün dünyada qlobal istiləşmə ilə mübarizə aparılır. Balıqların qlobal istiləşməyə məruz qalaraq kütləvi şəkildə hamısının tez kürüləməsi isə mümkün deyil. Bunun baş verməsi uzunmüddətli bir ssenaridir”.
Firuzə Əliyeva