azia.az
azia.az

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun növbəti iclası keçirilib

16-04-2024, 07:41


Görüşdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə tədbirlərin icra vəziyyəti, texniki tənzimləmə sisteminin elementləri və texniki reqlamentlərin strukturu barədə aidiyyəti dövlət orqanlarının nümayəndələri məlumatlandırılıb,  müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair texniki tənzimləmə üsulları müzakirə edilib. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası məqsədilə İşçi Qrupun növbəti iclası keçirilib. İclasın keçirilməsində məqsəd yaradılmaqda olan texniki tənzimləmə sisteminin elementləri, o cümlədən texniki reqlamentlərin strukturu barədə aidiyyəti dövlət orqanları nümayəndələrinin məlumatlandırılmasıdır. 

Görüş zamanı Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov və Azərbaycan Respublikası Nazirlər Kabinetinin nümayəndəsi Faiq Hüseynovun istehlak bazarlarının təhlükəli mallardan qorunması və sağlam rəqabət mühitinin inkişafında texniki tənzimləmə sisteminin əhəmiyyəti, o cümlədən bu sahədə dövlət siyasəti barədə çıxışları dinlənilib. Daha sonra iş planından irəli gələn tədbirlərin icrası ilə bağlı mövcud vəziyyət, müvafiq sahədə Avropa, Türkiyə və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri də daxil olmaqla, beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib.

Qeyd edək ki, iş planında səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair 35 milli texniki reqlamentin hazırlanması nəzərdə tutulub. Bu reqlamentlər ilkin mərhələdə əhali tərəfindən ən çox istehlak olunan yuyucu vasitələr, yanacaq və yüngül sənaye məhsulları, tütün məmulatları və digər  prioritet qeyri-qida sənaye mallarını əhatə edəcək.

Bundan əlavə, İşçi qrupun iclasında Dövlət Xidməti tərəfindən hazırlanan "Oyuncaqların təhlükəsizliyi haqqında" milli texniki reqlament layihəsinin təqdimatı baş tutub. Təqdimat zamanı oyuncaqlar üzrə gigiyenik, kimyəvi, radioaktiv, fiziki-mexaniki və alışqanlıq xassələrinə dair təhlükəsizlik tələbləri barədə məlumat verilib, o cümlədən layihə üzərindən texniki reqlamentlərin strukturu diqqətə çatdırılıb.

Sonda texniki reqlamentlərin əsas texniki tələblərini əks etdirən istinad standartlarının qəbulunun önəmi dövlət orqanlarının nümayəndələrinin diqqətə çatdırılıb. 


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi