azia.az
azia.az

AMEA-da şəhid ailələrinin və qazilərin iştirakı ilə “Hər şey Vətən üçün” adlı tədbir keçirilib

10-04-2024, 09:04


Aprelin 9-da AMEA-nın Əsas binasında müqəddəs Ramazan bayramı münasibətilə şəhid ailələrinin və qazilərin iştirakı ilə “Hər şey Vətən üçün” adlı tədbir keçirilib.

Tədbir Akademiyanın Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq, iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu bayramın xalqımız üçün əhəmiyyətindən danışıb. O, Ramazan bayramının ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərqərar olunmuş ölkəmizdə qürurla qeyd edildiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti sayəsində ölkəmiz böyük Zəfər qazanaraq tarixi ədaləti bərpa edib. AMEA rəhbəri fədakar Vətən övladlarının əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını deyib.

Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışan akademik İsa Həbibbəyli tarixi Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Qeyd edib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. 

Böyük Zəfərin ölkənin tarixində yeni bir dövr açdığını deyən alim bildirib ki, 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən anti-terror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə barpa olunub. O, Vətən müharibəsindəki tarixi Qələbənin və anti-terror tədbirlərinin Azərbaycanın çoxəsrlik tarixinin nadir hadisəsi olduğunu qeyd edib. AMEA prezidenti vurğulayıb ki, 2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibətilə keçirilən hərbi parad Prezident İlham Əliyevin qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. 

Akademik İsa Həbibbəyli ölkəmizdə sabitliyin, inkişafın, birliyin və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirildiyini vurğulayıb.

O, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsinin xalqımızın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərin əyani sübutu olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.

Akademik İsa Həbibbəyli AMEA-nın öz fəaliyyətini Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə təşkil olunmuş andiçmə mərasimindəki proqram xarakterli çıxışından irəli gələn məsələlər üzərində qurduğunu, bu elm ocağında dövlət başçısının elan etdiyi milli prioritetlər və inkişaf strategiyasına uyğun geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Son zamanlar AMEA-da həyata keçirilən yeniləşmə prosesləri barədə də danışan akademik İsa Həbibbəyli elmi tədqiqatların ölkə başçısının təsdiq etdiyi davamlı inkişaf strategiyasına uyğun olaraq yenidən təşkil edildiyini, Akademiyada həm struktur, həm də kadr dəyişikliyi istiqamətində mühüm islahatların aparıldığını söyləyib. O, AR Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun nəzdində Tarix və Etnologiya İnstitutunun, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında müvafiq olaraq Arxeologiya və Antropologiya İnstitutunun yaradıldığını bildirib. Həmçinin AMEA-nın müxtəlif institutlarında müasir dövrün tələblərinə və çağırışlarına uyğun 20-dən çox yeni şöbənin yaradıldığını, oxşar şöbələrin ləğv edildiyini, eləcə də bir sıra kadr təyinatlarının olduğunu deyib.

Çıxışının sonunda AMEA rəhbəri Azərbaycan alimlərinin hər zaman birmənalı şəkildə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəklədiyini, dövlət başçısının ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün birlikdə inamla irəlilədiyini vurğulayıb.

Daha sonra “İnformasiya müharibəsində də qalib gəlmiş Müzəffər Ali Baş Komandan İlham Əliyev” adlı videoçarx nümayiş etdirilib. 

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov çıxış edərək müqəddəs Ramazan bayramı ərəfəsində belə bir tədbirin keçirilməsindəki dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. 

Həmçinin Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant fəl.ü.f.d., dosent Radif Mustafayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri fil.e.d. Mərziyyə Nəcəfova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri t.ü.f.d. Asya Əhmədova, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Bəxtiyar Əhmədov çıxış edərək tədbirin elmi, siyasi əhəmiyyətini və yeni reallıqlar baxımından mahiyyətini şərh ediblər. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidentinin çağırışına və xalqımızın çoxəsrlik ənənələrinə uyğun olaraq, vətəndaşlarımızın birlik, həmrəylik, mərhəmət, qayğıkeşlik və çətin anda səfərbər olma sınağından uğurla keçdiyi vurğulanıb. 

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca edib, işğal altında olan dədə-baba yurdlarımızda Ramazan bayramı qeyd olunur. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə Ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub. Çıxış edənlər şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olmasından danışıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı arzu ediblər.

 AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi