azia.az
azia.az

Qohum evliliyi qadağan edilə bilər

8-06-2024, 12:05

Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik  xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu  problemdən əziyyət çəkir. 

Ölkə.Az xəbər verir ki,bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə keçirilən qohum nikahlarla bağlı ictimai müzakirədə məlumat verilib. 

"Təəssüflər olsun ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür.
Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövtlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir" -  məlumatda deyilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) arasında nikaha icazə verilmir.
2015-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən vətəndaşlar  tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməlidirlər, yəni icbari tibbi müayinədən keçməlidirlər. Nikahdan əvvəl icbari tibbi müayinənin tətbiqi  ilə irsi genetik xəstəliklərdən əziyyət çəkən, sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinin qarşısının alınmasına və sağlam nəslin formalaşdırılmasına şərait yaradılıb.

Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilib və ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasının qadağan edildiyi məlum olub.

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi