“Rentgen Zərifə” vətəndaşı aldadıb?
“Özünü cəmiyyətə “rentgen qadın” kimi təqdim edən Zərifə Mayılova məni müalicə etmək adı ilə dəfələrlə pulumu alsa da heç bir nəticə olmadı. Mən ondan pullarımı tələb edirəm”. Bu sözləri Gununsesi.info-ya müraciətində Bakı Şəhər sakini Səkinə Məmmədova yazıb. Saytımıza müraciət edən vətəndaş yazıb ki, Zərifə Mayılova ondan üst-üstə 500 manat pul alıb və geri qaytarmır: “Mənə dedi ki, səni sağaldacam. Mənim səhhətimdə ciddi problemlər vardı. Onun barəsində eşitmişdim. Amma onun saxtakar olduğunu bilmirdim. Başa düşmüşəm yalançının biridir”.
Zərifə Mayılova ilə bağlı qısa araşdırmalarımız zamanı isə daha maraqlı məlumatlar ortalığa çıxdı. Belə ki, aylıq külli miqdarda pul qazanan bu xanım qanunsuz olaraq, tibbi xidmət göstərir. Qeyd edək ki, bunun üçün Səhiyyə Nazirliyindən xüsusi lisenziya tələb olunur ki, onun da belə bir lisenziyası yoxdur. Həmçinin, araşdırmamız zamanı onu da öyrəndik ki, bu qadının ümumiyyətlə tibbdən anlayışı yoxdur. Heç bir tibbi biliyi olmayan insan başqalarına necə müalicə kursu keçə bilər. Araşdırmalarımız zamanı ortaya çıxdı ki, Zərifə Mayılovanın “uğurları”, onun guya, insanlara şəfa verməsi barədə yazılanlar isə ancaq “reket” KİV-lərdə dərc olunub.
Gununsesi.info olaraq, adıçəkilən şəxslə əlaqə saxlamağa çalışdıq. Lakin Zərifə Mayılovanın mediaya açıqlama vermədiyini dedilər.
Istinad olunan mənbə:https://www.gununsesi.info/rentgen-z%C9%99rif%C9%99-v%C9%99t%C9%99ndasi-aldadib/