Gömrük RƏSMİSİ buna görə tutuldu-Dəhşətli faktlar
Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi Anar Aslanovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin Komitədən daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
İstintaqla Anar Aslanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Cebhe.info"