azia.az
azia.az

Türkiyəli ekspert: “Zəngəzur dəhlizi də açılacaq və...”

17-02-2024, 09:34

“Prezident İlham Əliyev dövlət xadimi kimi Azərbaycan dövlətinin formallaşmasında və müasir dövlət sisteminin inkişafında, o cümlədən dövlət ilə xalq arasında həmrəyliyin güclənməsində çox mühüm rol oynayıb”. 

Bu sözləri Türkiyənin Dumlupınar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç “Cümhuriyyət” qəzetinə açıqlamasında Prezident İlham Əliyevin son iyirmi il ərzində ölkəsi və xalqı üçün xidmətlərini və naliyyətlərini şərh edərkən bildirib. Söhbət zamanı o, bildirib ki, İlham Əliyevin qətiyyəti sahəsində Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər nəinki Azərbaycanın, hətta bütün türk dünyasının tarixində unudulmaz hadisə kimi yadda qalacaq. 

“Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə Azərbaycanda yeni tarixi dövrün əsasını qoydu. Çox qürur duyulası bir haldır ki, bu yaxınlarda Azərbaycanda keçirilmiş prezident seçkilərində işğaldan azad edilən ərazilərdə də seçicilər seçki məntəqələrinə gəlib öz dövlət rəhbərinə səs verdilər.

Qarabağın Ermənistanın otuz illik işğalından azad edilməsi, həqiqətən həm Azərbaycan, həm də bütün türk dünyası üçün çox önəmli bir hadisədir. Bu, Azərbaycan xalqında özünə inamı daha da artırdı. Xüsusilə vurğulayım ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” siyasi xətti Prezident İlham Əliyev tərəfindən “bir millət, bir dövlət” konsepsiyasına çevrilib”. 

Türkiyəli eskpertin sözlərinə görə, Qarabağ Zəfəri Azərbaycan və Türkiyəni daha da bir-birinə yaxınlaşdırıb.

“Azərbaycan ilə Türkiyə arasında bir çox sahələrdə, xüsusilə hərbi-siyasi, hərbi-texniki, iqtisadi-ticari və enerji sahələrində ikitərəfli münasibətlər daha dərinləşib. Demək olar ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi formalaşıb. İki qardaş ölkə arasında münasibətlərin dərinləşməsi davam etməkdədir”. 

H. İnanç həmçinin vurğulayıb ki, İlham Əliyevin növbəti yeddi illik dövründə Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmlənəcək:

“Ermənistanın Rusiya, Fransa və ABŞ-nin təsiri altında olması səbəbindən sülh sazişinin imzalanması ilə bağlı proses ləngiyir. Amma Prezident İlham Əliyevin siyasi iradəsini və qətiyyətini nəzərə alaraq qısa müddət ərzində rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağına inanıram. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanıyacaq.

Rəsmi İrəvan, hətta Azərbaycanın regionda geosiyasi maraqlarını da nəzərə alacaq. Bununla bərabər, hesab edirəm ki, növbəti yeddi illik dövrdə Azərbaycanın qərb ərazilərini Naxçıvanla birləşdirən, habelə Azərbaycanın türk dünyasının mərkəzinə çevirilməsi üçün münasib imkanlar yaradan Zəngəzur dəhlizi də açılacaq. Bu dəhliz açılacağı təqdirdə nəinki Azərbaycan və Türkiyədə, həmçinin bütün türk dünyasında siyasi və iqtisadi baxımdan əhəmiyyətli proseslərə şahidi olacağıq”. 

Azərbaycanın Türk Dövlətləri Təşkilatında bundan sonrakı fəaliyyətinə gəlincə, ekspert hesab edir ki, bu təşkilat İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Avrasiya regionunda geniş təsir imkanlarına malik olan beynəlxalq quruma çevriləcək. H. İnanç əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda öz siyasi, iqtisadi və hərbi qüdrəti hesabına güc mərkəzinə çevrilməyə doğru gedir:

“Azərbaycan neft və qaz yataqları ilə zəngin ölkədir. Azərbaycan nefti dünya neft bazarında xüsusi önəmə malikdir. Ən önəmlisi isə odur ki, Azərbaycan Türkiyə üzərindən Avropanın təbii qaz ehtiyaclarını təmin edir. 

İkincisi, Azərbaycanın mövcud olduğu coğrafiya Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni birləşdirən koridor üzərində yerləşir. Azərbaycanın enerji və tranzit dəhlizlərinin qovşağına çevrilməsi onun gücünü və qüdrətini daha da artıracaq. Bir məqama da diqqət yetirmək lazımdır ki, Prezident İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında səylərini artıracaq.

Ermənistanın Rusiya, Fransa və ABŞ-nin təsir dairəsindən xilas olması mütləq lazımdır. Bunun baş verəcəyi təqdirdə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında ortaq maraqlara əsaslanan münasibətlər qurulacaq”. 

Yunis Abdullayev 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi