azia.az
azia.az

Qlobal Forumun qiymətləndirici ekspertlər qrupu Bakıda səfərdədir

9-02-2024, 14:27


Məlum olduğu kimi, Azərbaycan Respublikası “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb. Qlobal Forum tərəfindən üzv ölkələrdə vergi məlumatlarının mütəmadi olaraq digər ölkələrlə mübadiləsinin beynəlxalq standartlara uyğunluğu səviyyəsinin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə prosesi çərçivəsində mövcud normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunluğu və təcrübədə tətbiqi səviyyəsi qiymətləndirilir. Nəticədə, ölkənin məlumat mübadiləsi sisteminin beynəlxalq tələblərə uyğunluğu müvafiq reytinq balı ilə dəyərləndirilir. 

Azərbaycan Respublikası üzrə qiymətləndirmənin birinci mərhələsi 2016-cı ildə başa çatıb və dərc edilmiş ölkə hesabatına əsasən ölkəmiz “əsasən uyğundur” (largely compliant) yüksək reytinq balı ilə qiymətləndirilib.

Hazırda Qlobal Forum tərəfindən respublikamız üzrə qiymətləndirmənin yeni mərhələsi başlayıb. 2023-cü ilin sentyabr ayında start verilmiş proses çərçivəsində Qlobal Forumun qiymətləndirici ekspertlər qrupu Bakıya səfərə gəlib. Ekspertlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində görüşlər keçirir. Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev ekspertlər qrupu ilə görüşüb, onları maraqlandıran məsələlər barədə məlumat verib. Qiymətləndirmə prosesi çərçivəsində ekspertlərin digər dövlət qurumları və öhdəlik daşıyan şəxslərlə görüşləri nəzərdə tutulur. 

Qiymətləndirmə prosesi çərçivəsində ölkədə sahiblik (hüquqi və benefisiar), mühasibat uçotu və bank məlumatlarının, sənədlərinin mövcudluğu və aktuallığı, vergi orqanlarının həmin məlumatların əldə edilməsi hüquqları, beynəlxalq mübadilə üçün mövcud olan mexanizmlər kimi elementlər yoxlanılır. 

Qeyd edək ki, yekun reytinqin 2024-cü ilin sonunda təsdiqi gözlənilir. 







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi