Pul ver, əsgərliyə getmə-DEPUTAT
Azərbaycanda hərbi çağırış qaydasının dəyişdirilməsi, xidmət müddətinin azaldılması əvəzi pul ödənişi ilə bağlı təklif verilib.
Bu barədə Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elnur Allahverdiyev danışıb: "Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə - Türkiyənin təcrübəsində də həyata keçirilir".
Hazırda Azərbaycanda hərbi xidmət bir il yarım, ali təhsilli vətəndaşlar üçün bir ildir. E.Allahverdiyev hesab edir ki, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi əvəzində xidməti 2, yaxud 6 ayda keçmək olar: "Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər…".
1992-ci ildə eks-prezident Əbülfəz Elçibəy...
Azərbaycanda alternativ hərbi xidmət məsələsi uzun illərdir ki, müzakirə predmeti olub. Ölkə Konstitusiyasının (1995-ci ildə qəbul edilib) 76-cı maddəsinə uyğun olaraq, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, bunun alternativ xidmətlə əvəz olunmasına yol verilir. Hələ 1992-ci ildə eks-prezident Əbülfəz Elçibəy "Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" fərman da imzalamışdı.
Bundan əlavə, Azərbaycan Avropa Şurasına üzv olarkən (2001-ci il) "Alternativ hərbi xidmət haqqında" Qanun qəbul etməyi öz üzərinə öhdəlik kimi götürüb. Hətta bununla bağlı qanun layihəsi də hazırlanmışdı, amma sonra Azərbaycan rəsmiləri ölkənin müharibə şəraitində olduğunu səbəb gətirərək ondan imtina etdilər.
"Pul ödəməklə hərbidən yayınmaq Azərbaycan üçün..."
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da "Turan"a deyib ki, qanuna belə bir dəyişiklik ilə bağlı müəyyən deputatlar təkliflə çıxış ediblər. Amma o hesab edir ki, hazırda beynəlxalq aləmdə, o cümlədən regionda baş verən hadisələri nəzərə almaq lazımdır:
"Belə götürsək, artıq Azərbaycan ordusunda xeyli müddətdir ki, müqavilə ilə müddətdən artıq hərbi xidmət var. Ancaq həqiqi hərbi xidmətlə bağlı bugünkü qanunvericiliyimiz, bugünkü tələblər əsas götürülməlidir və işimizə bu yarayır".
Komitə üzvünün fikrincə, hər bir sağlam Azərbaycan vətəndaşı normal hərbi xidmət keçməlidir:
"Azərbaycan ordusu həmişə döyüşə hazır olan vəziyyətdə olmalıdır. Müxtəlif səbəblərlə, pul ödəməklə hərbidən yayınmaq Azərbaycan üçün qəbuledilməzdir. Pul müqabilində hərbi xidmət keçməmək sosial ədalətsizlikdir və vətəndaşların vətəni qorumaq öhdəliyinə kölgə salır".