“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.
“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəyan edib.
“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.
Kollegiya ilə onun arasında hər hansı isə problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”-deyə, o bildirib.
Sədr mərhum Zaur Məmmədovun vəfatından dərindən kədərləndiyini bildirib və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.
Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.
Bakupost.az xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy özünün sosial media hesabında Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.
O, dostu ilə sonuncu dəfə cümə günü vatsap vasitəsilə danışdığını bildirib.
"Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, qeyd edib.
Aşur Bədəlsoyun sözlərinə görə, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:
"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."