Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlar
Xəbər verdiyimiz kimi, avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqlənib. 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək qərara əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.
Nəqliyyat məsələləri üzrə eksperti Elməddin Muradlı avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklikləri haqda “Yeni Sabah”a fikirlərini bildirib:
“Utilizasiya prosesi ilə bağlı başlanğıc nöqtə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və 2019-2023-cü illəri əhatə edən “yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı” sayılır. Bu sənəddə göstərilir ki, istismara yararsız, köhnə avtomobillərin utilizasiyası həyata keçirilsin. Bununla bağlı 4 ildən çox vaxt keçəndən sonra nəhayət proqram təsdiqləndi. Baş nazirin qərarı ilə utilizasiya prosesinə start verilir. Digər qurumlar da öz üzərinə düşən işləri yerinə yetirəcəklər. Bunlardan biri də Daxili İşlər Nazirliyidir. Həmin qurum utilizasiya haqqının ödənilməsi ilə bağlı qaydaları təsdiqləyib. Texniki baxış zamanı vətəndaşlar əlavə olaraq avtomobilin ilinə görə 30 manatdan 40 manata qədər əlavə rüsum ödəyəcəklər. Bu utilizasiya fonduna köçürüləcək məbləğdir və yol polisinə, DİN-ə heç bir aidiyyatı yoxdur. Bu məbləğ fondda toplanaraq, gələcəkdə avtomobillərini utilizasiyaya verən şəxslər üçün ayrılacaq. Proses bununla bağlıdır və texniki baxışa heç bir aidiyyatı yoxdur”.
Ekspert istismar müddəti bitən avtomobilləri yeriyən tabut adlandırıb:
“Köhnə avtomobillərin istismardan yığışdırılması müsbət haldır. Hər kəs bunu istəyir. Çünki ölkədə baş verən yol qəzalarının 70 faizdən çoxu köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu nəqliyyat vasitəsi yox, yeriyən tabutlardır. Həmin səbəbdən istismar müddətini başa vurmuş avtomobillərdən yaxa qurtarmaq lazımdır”.
Aytac Şahin