azia.az
azia.az

Azərbaycan Milli Elmlər Akademiyası Türk Dil Qurumunun “Türk Dilinə Xidmət” Mükafatına layiq görülüb

2-12-2023, 08:14

 

Azərbaycan Milli Elmlər Akademiyası Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun ali mükafatı olan “Türk Dilinə Xidmət” Mükafatına layiq görülüb. Mükafatın təqdimetmə mərasimi Ankara şəhərində Türk Dil Qurumunun konfrans salonunda “Türkiyə Cümhuriyyətinin 100 illiyində Türk Dil Qurumu və “Türk Dilinə Xidmət” mükafatları” adlı beynəlxalq toplantının açılışı tədbirində keçirilib.

Açılış mərasimində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Bakanlığının müavini Gökhan Yazqı, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu başqanı, professor-doktor Dərya Örs, Türk Dil Qurumu başqanı, professor Osman Mert çıxış edərək Türkiyə Cümhuriyyətinin keçdiyi bir əsr ərzində Türk Dil Qurumunun 92 illik fəaliyyəti və xidmətlərindən bəhs etmiş, ilk dəfə olaraq bu ildə “Türk Dilinə Xidmət” mükafatlarının türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli alimlərlə birlikdə türk dünyasında əhəmiyyətli və önəmli yeri ilə fərqlənən dövlət təşkilatlarına və elmi qurumlara da veriləcəyini nəzərə çatdırıblar. 

Sonra “Türk Dilinə Xidmət” mükafatlarının təqdimetmə mərasimi olub. Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yüzüncü ilində türk dünyasından dövlət qurumu kimi Türkiyə Müdafiə Sənayesi Nazirliyi, elmi təşkilat kimi Azərbaycan Milli Elmlər Akademiyası “Türk Dilinə Xidmət” mükafatna layiq görülüblər.

“Türk Dilinə Xidmət” mükafatını Azərbaycan Milli Elmlər Akademiyasına Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı təqdim edib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Türkiyə Cümhuriyyətinin yüzüncü ilində və Azərbaycanda qeyd edilən “Heydər Əliyev İli”ndə Akademiyanın “Türk Dilinə Xidmət” mükafatı ilə təltif olunmasının əhəmiyyətindən danışıb və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumuna və Türk Dil Qurumuna dərin minnətdarlığını bildirib.

Mükafatın təqdim edilməsi münasibətilə salonda Azərbaycan Milli Elmlər Akademiyasına həsr edilmiş 10 dəqiqəlik videoçarx nümayiş etdirilib.

Məlumat üçün bildiririk ki, Türkiyədən görkəmli elm xadimləri professor Yavuz Akpınar, professor Saim Sakıoğlu, professor Nail Tana və Qazaxıstandan Beynəlxalq Türkoloji Mərkəzin rəhbəri, professor Erden Kajıbekə də “Türk Dilinə Xidmət” mükafatları təqdim olunub. Mükafatları Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumun başqanı, professor Dərya Örs və Türk Dil Qurumu başqanı, professor Osman Mert təqdim ediblər.

Tədbirdə professor Həmzə Zülfüqarın “Türkiyə Cümhuriyyətinin yüz ilində Türk Dil Qurumu” mövzusunda elmi məruzəsi dinlənilib.

Qeyd etmək lazımdır ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Başqanlığının “Türk Dilinə Xidmət” mükafatı Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafatdır. 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi