azia.az
azia.az

Konfederasiyanın baş katibi beynəlxalq forumda çıxış etdi

23-11-2023, 08:47

Noyabrın 21-22-sində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Manilada “Gender Forumu – Yaşıl iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu mötəbər tədbirdə ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Baş katibi Natəvan Məmmədova təmsil edib.

N.Məmmədova “Qadınlar üçün yaşıl iş yerləri, yaşıl sahibkarlıq” mövzusunda paneldə çıxış edib. Baş katib “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri”, ölkəmizin təmiz ətraf mühit və “yaşıl inkişaf” vizyonu haqqında məlumat verib, bu istiqamətin dövlət proqramlarının hədəf mərkəzində olduğunu vurğulayıb.

N.Məmmədova Azərbaycanın MDB ölkələri arasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini sübut edən 3 könüllü milli hesabat təqdim edən ilk ölkə olduğunu vurğulayıb.

O, ölkəmizin ən böyük işəgötürəni kimi Azərbaycan Dövlət Neft Şirkətinin Azərbaycanda və dünyada ekoloji təhlükəsizliyə töhfə vermək üçün bərpa olunan enerji mənbələri, “yaşıl hidrogen”, karbonun tutulması, təkrar istifadəsi, təhlükəsiz emissiyası üçün inteqrasiya olunmuş həllər təqdim etmək üçün bp kimi aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini bildirib.

Azərbaycanda ilk “Yaşıl və Ağıllı Kampus” kimi ADA universitetini nümunə göstərən N.Məmmədova hazırda işğaldan azad olunmuş Qarabağda yaşıl enerjiyə əsaslanan ağıllı kənd və ağıllı şəhər layihələrinin reallaşdırıldığını qeyd edib.

“Yaşıl iş yerləri və yaşıl bacarıqlar nədir? Çoxlu suallar, çoxlu həll yolları və qət ediləsi çox uzun bir yol var. Ölkəmi təmsil etmək, milli prioritetlərimiz, yaşıl iqtisadiyyat, ağıllı kəndlər, şəhərlər və s. haqqında danışmaq mənim üçün şərəf idi”, – deyə N.Məmmədova bildirib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi