azia.az
azia.az

“Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda birgə vergi konfransı keçirilib

28-10-2023, 11:13


 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda birgə vergi konfransı keçirilib. Vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən islahatlar, “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflığa əməl edilməsi istiqamətində balansın qorunması kimi mövzulara həsr olunmuş konfransda “AmCham Azərbaycan”a üzv şirkətlərin 100-dən çox nümayəndəsi iştirak edib.

Tədbiri açan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edən 8-ci birgə vergi konfransının dövlət - biznes dialoqu, qarşılıqlı etimadın artırılması və ictimai əməkdaşlığın müzakirəsinə mühüm töhfə verdiyini qeyd edib. Bildirib ki, DVX və “AmCham Azərbaycan” arasında işgüzar əməkdaşlıq mühiti və səmərəli münasibətlər mövcuddur. 

“AmCham”ın Vergi və gömrük komitəsinin sədri Nərmin Aslanova Vergi Məcəlləsində ediləcək dəyişikliklərlə bağlı bu günlərdə Palatanın üzvləri ilə geniş müzakirənin aparıldığını vurğulayıb və mövcud pozitiv dialoqun qarşılıqlı etimada gətirdiyini qeyd edib.

“AmCham Azərbaycan”ın 1-ci vitse-prezidenti İlqar Mehti dövlətin və biznesin qarşısında duran vəzifələrin artdığını bildirib, bu kimi görüşlərdə aparılan müzakirələrin təşkilat tərəfindən hazırlanan “Ağ sənəd”in formalaşdırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, biznes vergi siyasətinin yumşaq və ya sərt deyil, balanslı olmasının tərəfdarıdır.

Tədbirdə iştirak edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “AmCham Azərbaycan”la olan səmərəli işgüzar münasibətləri yüksək qiymətləndirdiyini bildirib. Təşkilat tərəfindən hazırlanan “Ağ sənəd”də vergilərlə bağlı qaldırılan məsələlərin əhəmiyyətini qeyd edən DVX rəisi sonuncu hesabatda vurğulanmış bir sıra məsələlərin artıq həll olunduğunu diqqətə çatdırırb. 

Tədbir iştirakçılarına Dövlət Vergi Xidmətində aparılan struktur dəyişikliklərinə toxunan O.Nəzərli vergi ödəyicilərinin risklərinin təhlili və onun monitorinqi ilə bağlı yeni struktur yaradıldığını, Ombudsman aparatının təsis olunduğunu qeyd edərək, bunun növbəti dövrdə müraciət və şikayətlərə daha keyfiyyətli baxmaq imkanı yaradacağına əminliyini ifadə edib. Bildirib ki, DVX-nin mövcud strukturu vergi ödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə isə qurum funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək ki, bu da vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergi ödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan yaradacaq.

Fiskal sahədə şəffaflıq indikatorlarında müsbət nəticələrin olduğunu, vergi daxilolmalarının nominal artım tempinin ÜDM-nin nominal artım tempini 7,7 faiz üstələdiyini deyən O.Nəzərli dövlətin iqtisadiyyatın böyüməsində, sahibkarların güclənməsində və dayanıqlı gəlirlər sisteminin formalaşmasında maraqlı olduğunu vurğulayıb. Xüsusilə də mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyini qeyd edib və vergi siyasətinin bu prosesi dəstəkləyəcəyini diqqətə çatdırıb. DVX rəisi vergi siyasətində gözlənilən dəyişikliklər, ayrı-ayrı seqmentlərdə vergi təşviqinin, haqsız rəqabətin aradan qaldırılması üçün vergi alətlərinin tətbiqinin davam etdiriləcəyini vurğulayıb, vergi inzibatçılığında sahibkarlıq subyektlərini gözləyən müsbət yanaşmalar barədə məlumat verib.

“Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində ciddi dəyişikliklər müşahidə edildiyini bildirib. Sahibkarlıq subyektləri üçün açıq reyestr çıxışı olan məlumat bazasının yaradılmasının kontragentlərin seçilməsi prosesinə töhfə verə biləcəyi, vergi və kapitala amnistiyanın şəffaflığın davamlı olmasına mümkün müsbət təsirləri, gələcəkdə ümumbəyannamə sisteminə keçid imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş dəyişikliklərin istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdir. Vergi siyasətinin hədəfləri yenə də biznesin təşviqi, vergi yükünün optimallaşdırılması və risklərin minimallaşdırılmasıdır. N.İmanov bir çox dəyişikliklərin sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə geniş müzakirə olunduğunu diqqətə çatdırıb.

“Oba” Marketlər Şəbəkəsinin direktoru Natəvan İbrahimova “Modern retail”in inkişafının vergi islahatlarının tətbiqində rolu; “EY Azərbaycan” şirkətinin vergi partnyoru Arzu Hacıyeva iqtisadi əməliyyatlarda şəffaflığın təmin olunması, bu sahədə mövcud imkanlar və çətinliklər, həmçinin riskli vergi ödəyiciləri ilə bağlı yanaşmalar; “NEQSOL Holding Azərbaycan” şirkətinin vergi üzrə qrup rəhbəri Rəşad Abbasov vergi şəffaflığı və vergi əməletməsində balansın qorunması zərurəti və vergi təşviqləri; “PWC Azərbaycan”ın vergi direktoru Günel Sadiyeva vergi ödəyiciləri arasında keçirilmiş sorğuların nəticələri əsasında şəffaflığın artırılmasında etimadın rolu barədə çıxış ediblər.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Elşən Rəhimli “kölgə iqtisadiyyatı”nın azalması istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb, iqtisadiyyatda şəffaflaşma indikatorları üzrə müşahidə olunan göstəricilər, qeyri-neft sektorunda nominal artım templəri, dövriyyələrin səviyyəsində, eləcə də aktiv vergi ödəyicilərinin və əmək müqavilələrinin sayında artım dinamikasını vurğulayıb. Bildirib ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində könüllü əməletmənin səviyyəsi ümumi daxilolmalarda 95 faizdən çox olub. 

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatlarda və çıxışlarda səsləndirilmiş təklif və qaldırılmış məsələlərə münasibət bildirib, DVX-nin bununla bağlı ümumi baxış kontekstini açıqlayıb. 

Sonda DVX-nin rəis müavini Samirə Musayeva “AmCham Azərbaycan”ın üzvləri tərəfindən səsləndirilmiş çoxsaylı suallara aydınlıq gətirib, biznes üçün nəzərdə tutulan bir sıra müsbət yanaşmalar barədə məlumat verib. 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi