azia.az
azia.az

“Cavidşünaslıq” elmi araşdırmalar toplusunun yeni cildlərinin təqdimat mərasimi keçirilib

26-10-2023, 08:40


Böyük Azərbaycan şairi, dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 141-ci ildönümü münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyində keçirilən geniş tədbirlər çərçivəsində muzeyin ərsəyə gətirdiyi “Cavidşünaslıq” çoxcildliyinin 31 və 32-ci cildlərinin təqdimat mərasimi baş tutub.

Türkiyə, Qazaxıstan, Macarıstan, Polşa və Rusiyadan olan mətnşünas alimlərin, Bakıda fəaliyyət göstərən ev muzeylərinin rəhbərlərinin və görkəmli cavidşünasların iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə çoxcildliyin elmi məsləhətçisi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. AMEA rəhbəri çıxışında Hüseyn Cavidin dram və şeirləri ilə XX əsr Azərbaycan ədəbiyyatını zənginləşdirdiyini, unudulmaz əsərləri ilə xalqımızın qəlbində əbədiyyət qazandığını söyləyib. Qeyd edib ki, Hüseyn Cavid məhz öz ideyaları, əsərlərindəki cəsarətli düşüncələrinə görə amansız sovet rejiminin qurbanına çevrilmişdir. Akademik İsa Həbibbəyli görkəmli dramaturqun irsinə Ulu Öndər Heydər Əliyev sahib çıxdığını, Ümummilli Liderin səyləri nəticəsində ədibin nəşinin sovet hakimiyyəti illərində uzaq Sibirdən ölkəmizə gətirildiyini, Hüseyn Cavidin yenidən xalqımıza qazandırıldığını bildirib.

Cavid yaradıcılığının tədqiq olunmasının müstəqillik illərində yeni mərhələyə qədəm qoyduğunu və geniş araşdırmaların aparıldığını deyən akademik İsa Həbibbəyli bu tədqiqatların mərkəzində Hüseyn Cavidin Ev Muzeyinin dayandığını vurğulayıb. AMEA prezidenti “Cavidşünaslıq” araşdırmalar toplusunu cavidşünaslığın salnaməsi, onun yaradıcılığına və şəxsiyyətinə ucaldılan abidə kimi qiymətləndirib, toplunun 31 və 32-ci cildlərinin çap edilib tədqiqatçıların ixtiyarına verilməsinin yüksək əməyin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, “Cavidşünaslıq” toplusu həm humanitar elmimiz üçün bir hadisə, həm də ədəbiyyatşünaslığımız tarixində ilkin fundamental nəşrdir: “Çünki bu vaxta qədər nəinki ev muzeyləri arasında, hətta ölkədə konkret bir sənətkar haqqında olan materiallar bu formatda bir yerə toplanmamış, çoxcildlik halında nəşr olunmamışdır. Bu toplu və ədibin ev muzeyinin çap etdirdiyi digər nəşrlər onu göstərir ki, Hüseyn Cavidin Ev Muzeyi ölkəmizdə cavidşünaslığın əsas mərkəzidir”.

AMEA rəhbəri Hüseyn Cavidin elmi tərcümeyi-halının hazırlanması, eləcə də “Hüseyn Cavid ensiklopediyası”nın ərsəyə gətirilməsinin ədiblə bağlı qarşıda nəzərdə tutulan hədəflərdən olduğunu bildirib, bu işdə Hüseyn Cavidin Ev Muzeyinin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Hüseyn Cavidin 100 il öncə əsərlərində, düşüncəsində əks etdirdiyi turançılıq, türkçülük ideyaları bu gün artıq həqiqətə çevrilib, Türk dünyası Türk Dövlətləri Təşkilatı adı altında özünün iqtisadi, siyasi, elmi, mədəni birliyini təmin edib.

Daha sonra çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Cavidşünaslıq” araşdırmalar toplusunun Hüseyn Cavid yaradıcılığı və şəxsiyyətinin vəhdətinin mükəmməl təzahürü olduğunu bildirib. Toplunun təqdimatı keçirilən növbəti cildlərinə 2018-2019-cu illərdə ölkədə və xaricdə dövri mətbuatda işıq üzü görən cavidşünaslıq materiallarının toplandığını nəzərə çatdırıb. Alim qeyd edib ki, hər iki cilddə Cavidin əsərlərini tədqiq edən müəlliflərin həm ədəbiyyatşünaslıq, həm də sənətşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, fəlsəfə və s. nöqteyi-nəzərindən tədqiqini əks etdirən materiallar yer alıb. Vurğulayıb ki, bu baxımdan “Cavidşünaslıq” toplusunun bu cildlərini də əvvəlki cildlər kimi, həm də multidissiplinar araşdırmalar toplusu olaraq xarakterizə etmək mümkündür.

Təqdimat mərasimində çıxış edən cavidşünas alimlər – Hüseyn Cavidin Ev Muzeyinin Cavidşünaslıq şöbəsinin müdiri, fil.e.d., prof. Gülşən Əliyeva-Kəngərli və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fil.e.d. Lütviyyə Əsgərzadə də toplunun bu cildlərinin elmi əhəmiyyətindən danışıb, muzeyin bu istiqamətdə fəaliyyətinin təkcə Cavidşünaslığa deyil, ümumilikdə humanitar elmimizə böyük xidmət olduğunu bildiriblər.

Sonda çıxış edən təqdim olunan hər iki cildin tərtibçisi və “Ön söz”ün müəllifi, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, fil.e.d. Gülbəniz Babaxanlı əvvəlcə gələn qonaqlara öz təşəkkürünü bildirib. Daha sonra muzeyin cari ildə nəşr etdirdiyi kitablar haqqında məlumat verib. Bu il nəşr edilən altı müxtəlif adda kitabın, o cümlədən təqdimatı keçirilən “Cavidşünaslıq” toplusunun 31-32-ci cildlərinin “Heydər Əliyev İli”nə də bir hədiyyə olduğunu vurğulayıb. Bildirib ki, məhz Ümummilli Liderin diqqət və qayğısı nəticəsində Azərbaycan Cavidşünaslığı indiki mərhələyə yüksələ bilib. Qeyd edib ki, toplunun bu cildləri də muzeyin digər nəşrləri kimi, Hüseyn Cavid irsinin öyrənilməsi və gənclər arasında təbliği baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, bu cildlərə daxil edilən məqalələr müasir dövrün cavidşünasları üçün də qiymətli istinad mənbəyidir.

Təqdimat mərasiminin sonunda qonaqlar dahi şairin portreti fonunda xatirə şəkli çəkdiriblər.

 

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi