azia.az
azia.az

Akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilib

4-10-2023, 22:48

Oktyabrın 4-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycanın dünyaca məşhur mühəndis-geoloqu, “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenli alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev, Baş nazirin müavinləri Əli Əhmədov və Şahin Mustafayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, dövlət və hökumət rəsmiləri, AMEA-nın rəhbərliyi, ziyalılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.

Vida mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görkəmli elm və ictimai xadim Xoşbəxt Yusifzadənin ömrünün 70 ilindən çoxunu Azərbaycan neft sənayesinin inkişafına həsr etdiyini, bu istiqamətdə misilsiz xidmətləri ilə Azərbaycan neft sənayesinin əfsanəsinə çevrildiyini bildirib. Qeyd edib ki, 1952-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirən alim ötən müddət ərzində zəngin biliyi və istedadı ilə mühəndis vəzifəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsinə qədər yüksəlmişdir.

Azərbaycan neft sənayesinin yarım əsrdən artıq bir dövrünün məhz akademik Xoşbəxt Yusifzadənin adı ilə bağlı olduğunu deyən AMEA rəhbəri onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsində 20-dən çox neft və qaz yatağının, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli”, “Qarabağ”, “Şahdəniz”, “Abşeron”, “Ümid” kimi yataqların kəşf olunduğunu və istismara daxil edildiyini vurğulayıb.

Bildirib ki, Xoşbəxt Yusifzadə Azərbaycan neft sənayesinin əfsanəsi olduğu qədər, bu sahədə zəngin elmi fəaliyyəti ilə seçilmiş, onun elmi-tədqiqat işlərinin nəticəsi 200-dən artıq elmi əsərində, o cümlədən 8 ixtirasında öz əksini tapmışdır: “Alimin yüzlərlə yetirmələri və zəngin əsərləri Azərbaycan neft sənayesinin inkişafına elmi cəhətdən töhfə verməyin nümunəsidir. Xoşbəxt Yusifzadə Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, eləcə də bir çox cəmiyyət və assosiasiyaların üzvü kimi Azərbaycan dövlətini və elmini şərəflə və məsuliyyətlə təmsil etmişdir”.

Akademik Xoşbət Yusifzadənin zəngin fəaliyyətinin daim dövlətimiz, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini deyən AMEA rəhbəri alimin bir sıra orden və medallarla təltif olunduğunu, 90 illik yubileyinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qeyd edildiyini bildirib.

“Akademik Xoşbəxt Yusifzadə Prezident İlham Əliyevin liderliyində uğurla aparılan neft strategiyasının həyata keçirilməsində ağsaqqal kimi, təcrübəli mütəxəssis kimi şərəflə xidmət etmişdir. Sağlığında dövlətimiz tərəfindən onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atılmış, 112 nömrəli tam orta məktəbə, Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinə onun adı verilmiş, tankerin istifadəyə verilməsi mərasimində cənab Prezident İlham Əliyev də iştirak etmişdir”.

Akademik İsa Həbibbəyli zəngin dünyagörüşü, elmi və əmək fəaliyyəti, eləcə də şəxsiyyətinin bütövlüyü ilə yeni nəsillər üçün örnək olan akademik Xoşbəxt Yusifzadənin ideyalarının və xatirəsinin bundan sonra da xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib.

Sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf dünyanın istənilən ölkəsində SOCAR deyəndə, akademik Xoşbəxt Yusifzadənin adının çəkildiyini, alimin Azərbaycanın neft-qaz sənayesinin və iqtisadiyyatının inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.

“Yalnız Azərbaycanda deyil, keçmiş sovet ölkələrində də istənilən böyük layihənin, kəşf, yaxud tapıntının altında hər zaman Xoşbəxt Yusifzadənin əməyi və imzası olurdu”, – deyən Rövşən Nəcəf böyük alimin dərin erudisiyaya malik olmaqla yanaşı, öz bilik və bacarıqlarını bölüşməkdən də heç zaman çəkinmədiyini vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsində akademik Xoşbəxt Yusifzadənin böyük rolundan bəhs edən SOCAR prezidenti alimin fəaliyyəti ilə Azərbaycanda neft sənayesinin inkişafında yeni mərhələnin əsasının qoyulduğunu vurğulayıb.

O, görkəmli alimin həm də çoxlu elmi məqalə və monoqrafiyanın müəllifi olduğunu deyərək, həmin dəyərli əsərlərin ölkənin bir sıra tədris müəssisələrində müəllimlərin, şirkətlərdə geoloqların stolüstü kitabına çevrildiyini bildirib: “Akademik Xoşbəxt Yusifzadə hamımızın müəllimi idi. O, şərəfli bir yol keçərək həyatı boyu vətəninə xidmət etdi, eyni zamanda bütün gənclər, xüsusən də neft sahəsində çalışanlar üçün bir fədakarlıq nümunəsi oldu”.

Rövşən Nəcəf qeyd edib ki, Xoşbəxt Yusifzadə 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının və 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə 2 milyard ton neftin hasil olunmasının şahidi olmuşdur. Bu faktlar neft sənayemizin formalaşması və inkişafında mühüm rol oynamış, Azərbaycanın neft hasilatı və emalı üzrə dünyada aparıcı mövqe tutmasına, yüksək dinamik inkişaf mərhələsinə qədəm qoymasına rəvac vermişdir.

Daha sonra Xoşbəxt Yusifzadənin uşaqlıq və gənclik dostu, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə çıxış edərək Azərbaycan elmi ictimaiyyətinə, Azərbaycan neft sənayesinə ağır itki üz verdiyini bildirib.

Akademik Akif Əlizadə görkəmli geoloq alim Xoşbəxt Yusifzadənin səmərəli elmi fəaliyyətindən, ölkəmizdə neft sənayesinin inkişafında müstəsna xidmətlərindən, böyük yataqların kəşf olunmasında rolundan söz açıb. O, Xoşbəxt Yusifzadənin bütün varlığı ilə Xəzər neftinin vurğunu olduğunu söyləyərək, alimin həyatını son nəfəsinə kimi neft sənayesinə, neft elminə və geologiyasına həsr etdiyini vurğulayıb.

“Xoşbəxt müəllim üçün Xəzər neftinin ayrıca biz özəlliyi və dəyəri vardı”, - deyə bildirən akademik Akif Əlizadə geoloq alimin Azərbaycan neftinin dünyaya layiqli formada təqdim edilməsinə nail olduğunu qeyd edib. Bildirib ki, bu gün ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində həmin neft Avropanın ən ucqar nöqtələrinə belə gedib çıxır.

Akademik Akif Əlizadə görkəmli alimin yüksək mənəvi keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycanın dünyaca məşhur mühəndis-geoloqu, bacarıqlı istehsalat təşkilatçısı və səmimi insan Xoşbəxt Yusifzadənin zəngin irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Mərhumun ailəsi adından çıxış edən qızı Eltac Yusifzadə akademikin xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra alimin cənazəsi son mənzilə yola salınıb.

Görkəmli geoloq, akademik Xoşbəxt Yusifzadə I Fəxri xiyabanda torpağa tapşırılıb.

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi