azia.az
azia.az

Rəsmi nikahda olmayan ailələrin DİQQƏTİNƏ - Boşanma zamanı...

22-06-2023, 15:57

Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Rəsmi statistika da göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artır. Boşanma zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti gəlir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir. Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda qərarın icrasına əməl etmir. Amma bu da bir gərçəkdir ki, rəsmi nikahda olmayan ailələrin də sayı kifayət qədər çoxdur.

Belə olan təqdirdə sual yaranır ki, rəsmi nikahda olmayan ailələr ayırıldığı zaman ata övladı üçün aliment ödəməlidir?

Bu barədə Referans.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, məhkəmə nikahdan kənar doğulan uşaqlara görə də aliment miqdarı müəyyənləşdirə bilər:

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-cı maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi isə valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır.

Hüquqşünasın sözlərinə görə, cavabdeh şəxs atalığın qeydiyyata alınmasına imtina edirsə, atalıq məhkəmə tərfindən DNK testi ilə müəyyən edilir: “Cavabdeh şəxs atalığın qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə verməkdən imtina edirsə, atalıq məhkəmə tərəfindən müəyyən edilir. Yəni qeyri-rəsmi nikahdan doğulmuş uşağın anası onun atası hesab etdiyi şəxsə qarşı məhkəmədə iddia qaldıraraq qeyri-rəsmi nikahdan doğulmuş uşaq üçün aliment ala bilər. Uşağın atası olduğu iddia edilən şəxs uşağın bioloji atası olmamasında təkid edərsə, məhkəmə DNK analizinin alınması üçün məhkəmə-tibbi ekspertiza təyin edə bilər. Qısacası bu hallarda, birinci məhkəmə qaydasında atalıq müəyyən olunmalı, daha sonra aliment tutulmalıdır.

Beləliklə, qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirən qadınların da aliment almaq hüquqları vardır və buna görə də ər və arvad arasında nikahın olub olmamasının heç bir əhəmiyyəti yoxdur",- deyə hüquqşünas qeyd edib.

Aqil Taleh


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi