azia.az
azia.az

Rusiya Qarabağda QORXUNC PLANI İŞƏ SALDI - Hər şey yenidən başlayır?

22-02-2023, 13:24

Azərbaycan Ordusunun mövqeləri dünən axşamdan (Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək) etibarən atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Avropa İttifaqının adını mülki missiya qoyduğu silahlı üzvlərinin Azərbaycanla sərhəddə fəaliyyətə başlamasının ikinci günündə artıq belə bir hadisənin baş verməsi təəccübləndirmir. Çünki bunun siqnalları hələ 1 ay əvvəldən verilirdi.

Belə aydın olur ki, Rusiya artıq regionda Aİ-yə qarşı sərt tədbirlər planını işə salmağa başladı. "Mülki" missiyanın Ermənistan-Azərbaycan sərhəddində 2 illik fəaliyyətə başlayacağı xəbərindən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov və sözçüsü Mariya Zaxarovanın Qərbə, eyni zamanda Ermənistana verdiyi mesajlara nəzər salsaq, aydın şəkildə görmək mümkündür ki, şimal qonşumuz yaxın gələcəkdə Cənubi Qafqazda sabitliyin yenidən kobud şəkildə pozulması hallarını müşahidə etmək olacaq. 

Kreml Ermənistanı cəzalandıracaq?

Kremlin baş nazir Nikol Paşinyanın Avropa İttifaqı missiyasını Ermənistanla Azərbaycan təmas xəttində yerləşdirilməsindən narazılığını qərarın açıqlandığı ilk dəqiqələrdəncə sezmək mümkün oldu. Əvvəlcə bu barədə keçən ay Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verdi və bildirdi ki, Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası faydalıdır, digər tərəfdən Avropa İttifaqının missiyası Azərbaycanla razılaşdırılmadığına görə uğur qazanmayacaq.

Bu açıqlamadan anlaşılır ki, Rusiya regiondakı mövqeyini rahatlıqla Qərbə təslim etməyəcək, hətta bunun üçün eskalasiya riskinin artmasına belə təşəbbüs göstərə bilər. 

Lakin Nikol Paşinyan və Ermənistanın digər rəsmiləri, eləcə də Qərb Lavrovun bu açıqlamasını qulaqardına vurdular. Moskva yaxşı görür ki, İrəvan onu regionun geosiyasi masasından uzaqlaşdırılması üçün əlindən gələni edir.

Buna görə də Rusiya Xarici İşlər Nazirliyi bir ay əvvəl (yanvarın 26-da) yaydığı bəyanatda "İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiqi sona çatdırmadan Avropa İttifaqının xeyrinə seçim etməyi üstün tutduğu müşahidə edilir" ifadəsi ilə Ermənistan rəhbərliyinə anlatmağa çalışdı ki, elə bilməyin ki, çıxdığınız oyunlardan xəbərdar deyilik, elə bilməyin ki, məqsədinizin nə olduğunu bilmirik.

Bir az da öncəyə nəzər salsaq, Lavrovun sözügedən proseslərlə bağlı əsas və hazırda da aktuallığını qoruyub saxladığını gördüyümüz bəyanatına şahid ola bilərik. Rusiya XİN başçısı hələ yanvarın 18-də keçirdiyi mətbuat konfransında Avropa İttifaqı müşahidəçilərinin Ermənistana yerləşdirilməsi barədə mövqeyini açıq şəkildə bildirərkən Bakının razılığı məsələsini xüsusi qabartdı: "Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan işə salınarsa, əks-nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıq yarada bilər".

Lavrovun bu bəyanatı əslində artıq mülki missiyanın regiona gəlişinin qarşısının alınması məsələsində çarəsizliyinin də sübutudur.

Bu cür bəyanatlarla Rusiya əlindən gələn qədəri ilə çalışdı ki, Ermənistanı və Qərbi tutduqları yoldan çəkindirib, fikirlərindən daşındırmağa çalışsın. Amma eyni zamanda Rusiyanın əsas məqsədi tamamilə fərqlidir.

Demək olar ki, Moskva Aİ missiyasının Ermənistan sərhədlərinə gəlməzdən öncə mütəmadi olaraq ard-arda bu cür fikirlər səsləndirməklə eskalasiya ilə bağlı zəmin hazırlamağa başladılar: 

⚫️ Rusiya keçmiş ritorikasına sadiq qalaraq regionda qeyri-sabit abu-hava yaratmaqla səslədirdiyi fikirlərin təsdiqini tapdığını dünya ictimaiyyətinə, Qərbə və Ermənstana nümayiş etdirmək istəyir.

⚫️ Moskva Aİ "mülki" missiyasının fəaliyyətə başlamasından sonra bu cür gərginliyin artmasında həm də ona görə çox maraqlıdır ki, Ermənistan ictimaiyyətinə, eyni zamanda rəsmi İrəvana göstərsin ki, sizin güvənib gəlişini səbrsizliklə gözlədiyiniz Qərb də sizi xilas edə bilməz. Ermənistanın təhlükəsizliyinin ən böyük zəmanətçisi elə Kreml idi. 

Moskvada yaxşı dərk edirlər ki, Aİ-nin Ermənistandakı missiyası Rusiyanı regiondan sıxışdırmaq cəhdidir.

Böyük ehtimalla Rusiya bu cür fikirləri Ermənistan hakim dairələrində və ictimaiyyət nümayəndələri arasında daha da inkişaf etdirmək üçün sərhəddə və bu cür hərbi insidentləri bundan sonra daha da intensivləşdirə bilər. 

Nəzərə alsaq ki, Aİ də Rusiya kimi yaxşı bilir ki, Azərbaycan öz sərhədlərinə real təhlükələr yaransa, güc tətbiqini reallaşdıracaq. Bakının güc tətbiq etmək üçün resursları və iradəsi Aİ-nin gələcək missiyasının nüfuzuna xələl gətirə bilər.

Bütün bunları gərək Avropa İttifaqının adını "mülki" qoyduğu missiyası Ermənistanın Azərbaycanla şərti sərhəd zonasında müşahidə aparmağa başlamazdan əvvəl nəzərdən keçirməli idi. Tərkibində alman polislər və fransız jandarmlar olar bir dəstə silahlı qruplaşmaya "mülki" donu geyindirmək də ancaq erməni xislətli firənglərin ağlına gələ bilər. 

İndidən sezmək olur ki, bu missiyanın bölgədə güya sülh və sabitliyə xidmət edəcəyi isə boş söz yığınağından başqa bir şey deyil. Onsuz da barıt qoxulu bölgəyə Qərbin də "mülki" missiya adı altında soxulması yaxşı heç nə vəd etmir. Maraqlıdır ki, missiyanın fəaliyyət müddəti 2 ildir və sülhməramlıların da çıxıb getməsinə təqribən 2,5 il qalır. 

Amma o da istisna edilmir ki, Avropa İttifaqı Ermənistan sərhəddində mövcudluğunu əbədiləşdirməkdə maraqlıdır. Sadəcə seçdikləri tarixlə həm Bakını, həm də Moskvanı növbəti dəfə çaşdırmaq istəyirlər. Elə təəssürat yaratmaq istəyirlər ki, biz hətta Rusiyadan da regionu tərk etmək niyyətindəyik. Amma nə qədər ki, Fransanın Aİ-də təşəbbüsü ələ alması prosesi davam edəcək, Qərbdə verilən bu tip bəyanatlara inanmaq sadəlövhlük olar.

Bakının razlılığı alınmadan, mövqeyi öyrənilmədən onsuz da Aİ-nin Ermənistana 2 illik müşahidə missiyası göndərməsi beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaq, İttifaqın vasitəçilik instituna zərbə vurmaqla yanaşı, həm də Cənubi Qafqazda yenidən konfrantasiya mühitinin formalaşmasına xidmət edən addımdır. 

Ancaq Münhen Konfransında da Şarl Mişellə görüşən dövlət başçısı İlham Əliyev Aİ prezidentinə izah edib ki, Bakının məqsədi Aİ-nin reputasiyasını korlamaq yox, Ermənistanı dartıb sülh yoluna gətirməkdir. Əgər Ermənistan sülhdən qaçmaq üçün missiyanın fəaliyyətindən sui-istifadə edərək regionda təxribatlara ara verməzsə, sərsəm bəyanatlarla danışıqlar prosesini dala dirəməyə cəhd edərsə, bunun nəticəsi Ermənistan üçün çox ağır olacaq. 

Təhməz Əsədov
Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi