azia.az
azia.az

Ölümünü lentə aldı, Xalq artistinin qızı ilə dörd il nişanlı qaldı, Azərbaycanda ilk dəfə repi o ifa etdi

30-08-2022, 08:52


Azia.az Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqında maraqlı faktları təqdim edir.
Ölümünü lentə aldı, Xalq artistinin qızı ilə dörd il nişanlı qaldı, Azərbaycanda ilk dəfə repi o ifa etdi

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il, avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində anadan olub. Bir neçə il sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçür.


***

Atası onu hərbçi, anası isə həkim görmək istəyir. Çingiz əvvəlcə atasının arzusu üzrə təhsilə başlayır. Cəmşid Naxçıvanski adına hərbi liseyə yollanır. 3-cü sinifdən 10-cu sinfə qədər burada təhsil alır. Lakin bir müddət sonra o, hərbi məktəbi tərk edib təhsilini orta məktəbdə davam etdirir. Yasamal rayonunda yerləşən 167 saylı məktəbdən məzun olur.


Çingiz 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olur. O, Azərbaycanın ilk DJ kimi tanınır. Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradılır.

***

1977-ci ildə o, taleyin ona təqdim etdiyi növbəti peşənin ardınca getməyə qərar verir. Bununla, o, həm də anasının arzusunu yerinə yetirəcəkdi. Çingiz Azərbaycan Tibb İnstitutuna daxil olur. Oranı müvəffəqiyyətlə başa vurur. Təhsilini başa vurandan sonra təyinatla Şabran rayonunda üç il həkim işləyir. Daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilir.


Yaradıcılığa olan marağı isə onu daim izləyir. 1983-cü ildə ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirir. Həmin dövrdə o, Bakıda "Sevinc" adlı kiçik kafe açır. Yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır.

***

1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olur.

***

1990-cı il, 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edir, həmçinin hadisələri kamerasının yaddaşına köçürür. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır.


Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edir. Ona görə də Çingiz "215 kl" studiyasını yaradır.


Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmır. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürür. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı tele-tarixin dramatik səhifələri kimi yadda qalmışdır.

***

Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

***

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra, fevralın 28-də lentə ala bilmişdi.


1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirir.


1992-ci ildə Bakıda, Şəhidlər xiyabanında dəfn edilir.

***

Qardaşı Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi. Bununla da, Çingiz öz ölümünü çəkən yeganə tele-repartyor kimi də tarixə düşməyi bacarır.

***

2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:


"Bircə onu deyim: Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, rekaşetlə dəyib".


2017-ci ildə bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən:


"Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanlardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum".

***

1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Ancaq sonradan o, Rəfiqə adlı xanımla ailə həyatı qurur. Bu evlilikdən onların Fuad adlı övladı doğulur. Gülnarə xanım isə müsahibələrinin birində bu barədə deyir:


“Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki, diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı. Çingiz Mustafayev həmin vaxt orada DJ işləyirdi. Səhnəyə çıxanda gözü mənə sataşdı. Elə bu baxışdan sonra bir məhəbbət başladı. Bu 1979-cu il idi. Oradan çıxandan sonra bizim arxamızca evimizə qədər gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz evimizin aşağısında məni gözləyir. Beləliklə, münasibətlərimiz yarandı. Artıq dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı oldu.


Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin diskotekada işləməsi anama xoş getmirdi. Anam bir qədər fərqli düşünürdü. Çingizin anası Naxış xanım gözəl insan idi. Biz son günə kimi onunla əlaqəli idik. Çingizlə ayrılığımıza səbəb anam oldu. Onun sözündən çıxa bilməzdim. Çingizin ailəsi ilə bu gün də yaxşı münasibətlərimiz var”.

***

Şahdağda "Çingiz zirvəsi" kimi tanınan, 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə də var. Kulis.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi