MEK-də kitabxanaşünas alim Rasim Kazımovun 90 illik yubileyi ilə əlaqəli tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında milli kitabxanaşünaslığın görkəmli nümayəndələrindən biri Rasim Kazımovun 90 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev görkəmli alim və pedaqoq Rasim Kazımovun həyat və yaradıcılığına nəzər yetirib. “Ömrünün 50 ilindən çoxunu Azərbaycanda kitabxana-informasiya sisteminin inkişafına həsr etmiş dəyərli alimin zəngin elmi yaradıcılığı ölkəmizdə kitabxanaçılıq təhsili sisteminin inkişafına dəyərli töhfələr verib”, - deyə baş direktor vurğulayıb. AMEA MEK-də direktor vəzifəsində çalışdığı müddətdə kitabxananın formalaşmasında Rasim Kazımovun əməyindən danışan professor Məmməd Əliyev alimin vəfatından sonra ailəsi tərəfindən 292 ədəbiyyatdan ibarət şəxsi kitab kolleksiyasının MEK-ə hədiyyə edildiyini də bildirib.
Rasim Kazımovun ən sevdiyi musiqilərdən- “Bayatı-Şiraz” muğam dəstgahı səsləndirilib, MEK-in Azərbaycanşünaslıq və MRY şöbəsinin təqdimatında “Görkəmli kitabxanaşünas - alim Rasim Kazımovun 90 illik yubileyi” adlı videotəqdimat nümayiş olunub.
Tədbirdə çıxış edən M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov vurğulayıb ki, mərhum alimin parlaq elmi irsi milli kitabxana işinin qurulmasında və təşkilində bu gün də öz dəyərini qorumaqdadır. “Rasim müəllimin yazdığı əsərlər bu sahənin mütəxəssislərinin stolüstü kitabına çevrilib”, - deyə professor Kərim Tahirov vurğulayıb. Çıxışının sonunda Milli Kitabxananın direktoru “İlyas Əfəndiyev. Geriyə baxarkən” kitabını MEK-ə hədiyyə edib.
BDU-nun “Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının professoru Xəlil İsmayılov çıxışında Rasim Kazımovla yaxın dost münasibətlərindən danışıb, universitet fəaliyyəti dövrü ilə bağlı xatirələrini bölüşüb. Görkəmli alimin tək kitabxanaçılıq sahəsində deyil, hərtərəfli biliyə sahib unikal insan olduğunu vurğulayıb.
Daha sonra çıxış edən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı görkəmli kitabxanaşünas alimin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı kimi elmi-praktiki konfransın keçiriləcəyini bildirib.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında nurlu insanın, işıqlı alimin tələbələrinin bu gün Azərbaycanın müxtəlif kitabxanalarında öz sözünü deyən mütəxəssislər kimi çalışdıqlarını deyib.
Dəyirmi masada çıxış edənlər BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov Rasim müəllimin unudulmaz xatirəsinin onun müəllim həmkarlarının yaddaşında daim yaşadığını vurğulayaraq, alimin keşməkeşli həyatından, tələbəlik illərindən, ilk fəaliyyət istiqamətlərindən danışıblar.
Daha sonra Rasim Kazımovun qızı, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova çıxış edərək atası ilə bağlı unudulmaz xoş xatirələri bölüşüb və tədbiri təşkil edənlərə təşəkkürünü bildirib.
Sonda parlaq alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən MEK-in fondlarındakı nəşrlərdən ibarət sərgiyə baxış keçirilib, həmçinin alimin qızına kitabxana adından hədiyyələr təqdim edilib.
AMEA Mərkəzi Eımi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]