azia.az
azia.az

Ramiz Mehdiyev bu vəzifəsindən də AZAD OLUNMALIDIR... - ÇAĞIRIŞ

15-04-2022, 11:26

Ramiz Mehdiyev bu vəzifəsindən də AZAD OLUNMALIDIR... - ÇAĞIRIŞ
Deputat, tanınmış təhsil eksperti Etibar Əliyev Azərbaycan Milli Ensiklopediyasının tərtib olunmasında ciddi qüsurlara yol verildiyini bildirib. Onun bu barədə tənqidi açıqlamalarından sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev deputata cavab verib, həmçinin müəyyən çevrələr ona qarşı hücum kampaniyasına başlayıb.

E.Əliyev tənqidi fikirlərini əsaslandırmaq üçün yeni yazı ilə çıxış edib. Həmin yazını təqdim edirik:

2004-cü ildə Prezident İlham Əliyevin ensiklopediya ilə bağlı keçirdiyi məşhur müşavirə yaddaşlardan silinməyib.

Həmin müşavirədə ensiklopediyada yol verilən saxtakarlıqlara görə Baş direktor, haqlı olaraq, zaldan qovuldu. Ensiklopediya ilə bağlı 2016-cı ildə yazdığım məqalədən: "Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri kimi dövlət əhəmiyyətli işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə "Azərbaycan Milli Ensiklopediyasının (AME) nəşri haqqında", həmçinin "Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında" sərəncamlar imzalamışdır. Ölkə başçısının bu addımı təqdirəlayiqdir və ensiklopediya da daxil olmaqla kütləvi ədəbiyyatların nəşri ilə bağlı qəbul etdiyi fundamental qərarlar maarifçilik üçün olduqca önəmlidir."

Milli Ensiklopediya ilə bağlı məqaləm dərc olunanda Ensiklopediyanın cəmi 5 cildi işıq üzü görmüşdü. Qüsurlar barədə Ramiz Mehdiyevə məktubla müraciət etdim. Lakin R.Mehdiyev bunu ört-basdır etdi və mənə qarşı hücumlara start verdilər. Sonradan bunun mahiyyətini anladım. İradlarıma baxmayarq sonrakı nəşrlərdə naşılıq və savadsızlığı davam etdirməyə başladılar.

Yol verilən qüsurların bir neçəsi barədə:

Aytmatov Çingiz (AME 2-cild səh. 439). Mətnin böyük hissəsi bir ensiklopediyadan köçürülüb. Bunu qoyaq bir tərəfə. Məlumdur ki, mərhum Prezident Heydər Əliyevin Aytmatovla səmimi münasibətləri olub. Onların görüşü barədə məlumat və foto ensiklopediyada öz əksini tapmalı idi. Tapmayıb…

Çingiz Aytmatovun Heydər Əliyev haqqında maraqlı fikri var: "Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, Sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur".

AME-nın 5-ci cildinin 420 və 421-ci səhifələrində ata Buş və oğul Buşun bioqrafiyaları adını çəkmək istəmədiyim bir ensiklopediyadan köçürülüb. Onların Azərbaycan Prezidentləri Heydər Əliyev və İlham Əliyevlə olan görüşlərindən bir cümlə belə yer almayıb. Bu məlumatların verilməsi olduqca vacib idi.

Heydər Əliyev ata Buşla 2002-ci ilin sentyabrında görüşüb. Oğul Buşla Prezident İlham Əliyev 12 iyun 2006-cı ildə görüşüb. Ata Buşun Heydər Əliyev haqqında fikirləri olduqca maraqlıdır: "Heydər Əliyev Azərbaycan müstəqilliyinin ilk illərində onun təşəkkülündə oynadığı mühüm rola görə daim yaddaşlarda qalacaq. Üstəlik, onun səyləri sayəsində biz iki ölkə arasında möhkəm iqtisadi və diplomatik münasibətlər yaratmağa müvəffəq olmuşuq".

Aristotel məqaləsi (AME: 2-ci cild səh 42) bir ensiklopediyadan olduğu kimi köçürülüb. Azərbaycan oxucusu bərbad tərcümə olunmuş mətndən heç nə başa düşə bilməz. Köçürülən mənbədə mətnin yazılması üçün 30-dan çox ingilisdilli ədəbiyyatdan istifadə olunub. Bu ədəbiyyatları göstərməkdə məqsəd oxucunu Aristotel haqqında əsər yazanlarla tanış etməkdir. AME-də bunların heç biri göstərilməyib.

Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin bioqrafiyasının bu ensiklopediyada nə işi var?

Bütün bunlar Tofiq Nağıyevlə Famil Mustafayevin gözləri qarşısında baş verib.

Bu mövzuya yenidən qayıtmağımın əsas səbəbi qarşıda çap olunacaq 23 cilddə məsuliyyətli olmaq və göstərilən etimadı doğrultmağa səsləməkdir.

P.S. Düşünürəm ki, atılacaq ilk addımlardan biri Ramiz Mehdiyevin Baş redaktorun 1-ci müavini vəzifəsindən azad olunması ola bilər.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi