azia.az
azia.az

Xırda rüşvətxorların əllərini “kəsəcəklər” – Yeni Planın təfərrüatı

12-04-2022, 11:28

Xırda rüşvətxorların əllərini “kəsəcəklər” – Yeni Planın təfərrüatı
Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Xəbər verdiyimiz kimi, sənəd dövlət strukturlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət strukturları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektronlaşdırılması, habelə korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən tədbirlərin davamlılığını təmin edilməsi məqsədilə imzalanıb.

Bu yerdə qeyd etmək yerinə düşər ki, Azərbaycanda 2004-cü ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir və həmin ildə də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası (15 nəfərdən ibarətdir - beşi Prezident tərəfindən, beşi parlament tərəfindən və eyni sayda Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir) yaradılıb. Komissiyaya avqustun 31-dək Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edirdi.

Və buna uyğun olaraq “Yeni plana nə ehtiyac var” sualı yaranır. Ölkədə uzun müddətdir ki, bu illər ərzində korrupsiyaya qarşı mübarizədə sıçrayışlı uğur əldə etməyən iki strukturun olması ilə yanaşı belə plan effektiv olacaqmı? Bu Milli Plan ilə Azərbaycanda, həqiqətən də, korrupsiyaya qarşı mübarizəyə başlanılması ehtimalı nə dərəcədə yüksəkdir? Dia.az xəbər verir ki, mövzunu AYNA-ya Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri, hüquq müdafiəçisi Eldar Zeynalov şərh edib:

“Korrupsiyaya qarşı mübarizə, əlbəttə, lazımdır. Beynəlxalq strukturlar da bunda israrlıdır. Şəxsən mən əminəm ki, bu yeni Fəaliyyət Planı mütləq müəyyən effekt verəcək. Amma bunun nə qədər nəzərəçarpacaq olacağı və ictimaiyyəti qane edəcəyi gözləntilərimizdən asılıdır. Onlar isə, açıq desək, tamaşaçının avropalı, yoxsa yerli olmasından asılı olaraq fərqlənirlər.

Avropalılar bizdə hansı korrupsiyanı görürlər? “Londromat” - Azərbaycandan milyardlarla dollar çıxarılır və bir neçə bankdan keçdikdən sonra “ağaran qədər yuyulur”. Kiminsə offşorlarda eyni məqsədlə şirkətləri açılır. Bəzi Avropa ölkələrində astronomik dəyəri olan daşınmaz əmlak və s. alınır. İstənilən Avropa ölkəsində bu cür qalmaqal ölkədəki hakimiyyətə son qoyardı. Amma Azərbaycanda yox və bunun səbəbi indi dediklərimdir.

Adi, orta statistik azərbaycanlı üçün bütün bu qalmaqallar sadəcə olaraq havanı silkələmək kimi bir şeydir, belə ki, baş verənlərin şəxsən ona aidiyyəti yoxdur. Başqa bir şey - "qovluqlarla gəzən insanlar" onu silkələdikdə, öz kiçik biznesini açmaq qərarına gəldikdə, yaxud hansısa idarədə qanunun tələb etdiyi sənədə görə rüşvət istənilirsə, yaxud da yol polisi magistral yolda saxlayıb, cərimə və ya “hörmət” tələb edirsə...

İnsanları qəzəbləndirən, göz yaşlarına və isterikaya sürükləyən, etirazlara, bəzən hətta korrupsionerlərə fiziki hücumlara səbəb olan məhz bu “köklü korrupsiya” hadisələridir. Daha çox rəqəmlərdə bu qədər çox sayda sıfır olan məbləğlər adi insanın şüuruna batmır və bu, qəzəbdən çox paxıllığa səbəb olur. Məhz bu səbəbdəndir ki, Qərbin vaxtaşırı “yuxarı” korrupsiya ilə bağlı kompromat ötürməsi ictimaiyyətdə gözlənilən reaksiyaya səbəb olmur.

Qısa müddətdə iri rüşvətxor məmurların aşağılardan gələn tənqidləri neytrallaşdırmaq, hətta ictimaiyyətdə səmimi minnətdarlıq hissi oyatmaq üçün kütləvi korrupsiyanın qarşısını almaq kifayətdir. Bu, bizim demokratiya müdafiəçilərinin həsrətlə baxdıqları Gürcüstandakı oliqarxların keçdiyi yoldur. Orada arayışlar üçün pul tələb etmirlər, müxtəlif nəzarətçilərin total yoxlama qorxusu yoxdur, lazımsız uzun növbələrdə dayanmırlar, polis nəzakətlidir, gömrükçülər isə “əl baxmır”. Lakin bununla yanaşı, yüksək səviyyəli korrupsiya hələ də davam edir.

Oliqarxlar üçün aşağılarda baş verən korrupsiyanın həyati əhəmiyyət kəsb etdiyi barədə fikirlər var. Yəni, xırda rüşvətxorlar adi vətəndaşları soyurlar, daha iri korrupsionerlərlə bölüşürlər və s. Ancaq bu, yalnız təbii sərvətləri olmayan və ya inkişaf etmiş böyük biznesi olmayan ölkələr üçün doğrudur. Təbii ehtiyatların mövcud olduğu yerdə nə hakimiyyət, nə də oliqarxlar xırda “gəmiricilərin” sadə vətəndaşlardan qopardıqları qırıntılardan asılıdır.

Mən sizə bir nümunə verim. Bizdə orta əmək haqqı 450 dollar olan 5 milyona yaxın insan işləyir. Eyni sayda onların hesabına yaşayanları nəzərə alsaq, adambaşına düşən yaşayış minimumu 125 dollar olmaqla, əmək haqqı, təxminən 225 dollar təşkil edir. Tutaq ki, yerdə qalan 100 dolların yarısı rüşvət və digər ödənişlərə xərclənir. Ümumilikdə, bütün əhalini soymaq 0,5 milyard dollar verəcək. Eyni zamanda, bu il dövlət büdcəsinin (26 milyard 816 milyon manat) böyük hissəsi əhalinin əksəriyyətinə heç bir aidiyyəti olmayan neft sektoru hesabına nəzərdə tutulub. Yəni bizim oliqarxlar pensiyaçıların, tum satanların rüşvətindən qat-qat çox neft və qaz qiymətindən asılıdır.

Bu sadə hesablama göstərir ki, oliqarxlar üçün kütləvi korrupsiya həyati zərurət deyil, daha çox ənənəyə hörmətdir. Ona görə də ASAN və ya DOST kimi uğurlu təcrübələrin göstərdiyi kimi, buna qarşı mübarizə tamamilə mümkündür. Göründüyü kimi, indiki mərhələdə biz daha çox şeyə ümid edə bilmərik və yeni Fəaliyyət Planı korrupsiyaya qarşı mübarizə prosesini daha da irəli aparacaq.

İndi Korrupsiyaya Qarşı Mübarizə Komissiyası haqqında. O, ən mötəbər dövlət strukturlarının nümayəndələrindən ibarət idi, lakin 2004-cü ildən bəri çoxsaylı korrupsiya faktları ilə bağlı heç bir səs-küylü araşdırmaya başlamayıb. Bu da təsadüfi deyil, çünki yüksək səviyyədə korrupsiyaya qarşı mübarizə aparmaq onların vəzifələrinin bir hissəsi olmayıb.

Texniki cəhətdən iri korrupsioner məmuru ifşa etmək olduqca sadədir. Axı o, zəngin həyatdan zövq alır və gəlirini nəinki gizlətmir, hətta nümayiş etdirir (bunsuz sevinc şirin deyil). Sadəcə olaraq, onların mülkündə qazancından qat-qat dəyərli hər hansı əmlak aşkar etməklə bir çox məmurlarımızı ifşa etmək, qınamaq çox asandır. Leninin dediyi kimi: “2 aylıq işdən sonra bizim hər hansı Xalq Ərzaq Komissarlığını tribunalsız-filansız divara söykəmək olar”. Amma bu, sabitliyin pozulmasına gətirib çıxaracaq.

Bir dəqiq ifadə var ki, Qərbdə hakimiyyətə gəlmək üçün varlı olmaq lazımdır, Şərqdə isə varlanmaq üçün hakimiyyətə gəlmək lazımdır. Sonra həmin o keçmiş kasıblar oliqarxlara çevrilərək, tələyə düşürlər: bütün kapitalları cinayət yolu ilə qazanılır və sahibi hakimiyyətdən getsə, sahibsiz qalacaq. Bu, o deməkdir ki, rüşvətxor məmur öz kürsüsündən möhkəm yapışacaq, çünki o, nəinki öz uşaqlarını, hətta nəvə-nəticələrini də dolandırmaq üçün kifayət qədər pul yığıb. Və o, korrupsiyaya qarşı mübarizəni təqlid edəcək, xırda adamları cəzalandıracaq.

Təsadüfi deyil ki, son onilliklərdə yalnız oliqarxik “qardaşlığın” maraqlarını nəzərə almayan yüksək vəzifəli məmurlar “atdan düşürüldü”. Hüquq-mühafizə orqanlarının əsas “qəniməti” isə məhz xırda-mxırda korrupsionerlər idi. Məsələn, 2021-ci ildə bu ittiham ilə 492 nəfərə qarşı cinayət işi açılıb, 101 milyon manatlıq əmlaka həbs qoyulub. Yəni, bir korrupsioner məmurun hesabına orta hesabla 200 min manat - yeni tikilən binada bir mənzilin qiyməti düşürdü.

Amma super iri kapitallara gəlincə, reallıq ondan ibarətdir ki, prokurorun cinayət işi qaldırması və polisin həbs etməsi kimi cinayətlə mübarizənin sadə yolu işləmir - nə burada, nə də Qərbdə. Femida üçün əlçatmaz yerlərdə vəsaitə malik olan oliqarxlar məsuliyyətdən mükəmməl şəkildə yayınır və ən əsası, cavab verə bilirlər. Məsələn, “rəngli inqilabı” maliyyələşdirmək, kiçik bir ölkənin iqtisadiyyatını sarsıtmaq, siyasi sui-qəsd sifariş vermək və s.

Anlamaq və etiraf etmək lazımdır ki, keçmiş SSRİ ölkələrində oliqarxlar artıq öz sinfi şüuruna malikdirlər və əslində, sinfə, cəmiyyətin ayrılmaz hissəsinə çevriliblər. Hələlik bu, kapitalizm deyil və cəmiyyətin bazar düşüncəsini bazar iqtisadiyyatı düşüncəsinə çevirmək lazımdır.

Beləliklə, korrupsiyaya qarşı əsas mübarizə şəxsi yox, sistem səviyyəsində aparılmalıdır. Bura oliqarxların və onların bizneslərinin təhlükəsizliyinə zəmanət müqabilində “çirkli kapital” üçün amnistiya, antiinhisar tədbirləri və biznesin siyasətə təsirini məhdudlaşdıran addımlar və s. daxildir. Son vaxtlara qədər fantastik görünən bütün bu fikirlər getdikcə qəbul olunmağa başlayır. İstənilən halda hakimiyyətin kapitalı kölgədən çıxarmaq çağırışlarına eyhamlar, qeyri-şəffaf biznes keçmişi olanların keçmiş xidmətlərini saymamaq təklifləri və s. var.

Bu arada sevinək ki, yeni Fəaliyyət Planı sayəsində hakimiyyət xırda rüşvətxorların əlini daha da qısaldacaq. Və bu da lazım və vacibdir”.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi