Moskvada “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert keçirilib - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçirilir.
Azia.az “Report”a istinadən xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində fevralın 22-də “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. Leyla Əliyeva konsertdən əvvəl musiqiçilərlə görüşüb.
Tədbirdə Rusiya və Azərbaycanın ictimaiyyətinin nümayəndələri, mədəniyyət xadimləri ilə yanaşı, Türkiyənin, Qazaxıstanın və digər ölkələrin səfirləri də iştirak etdilər.
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Elçin Əzizov, Ceyla Seyidova, Dinara Əliyeva, Elvin Qəniyev, Murad Adığözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.
Musiqili gecədə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka, Aleksandr Borodin və digər bəstəkarların sevilən əsərləri səslənib.