Ramiz Mehdiyev sabahkı iclasda iştirak edəcək? - AMEA-dan açıqlama
Xəbər verdiyimiz kimi, sabah saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin öz müraciəti əsasında vəzifəsindən çıxması məsələsinə baxılacaq.
AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva AZXEBER.COM-a açıqlamasında deyib ki, iclas mediaya qapalı şəkildə baş tutacaq:
"Sabah baş tutacaq iclas mediaya qapalı olacaq. İclasın yekunu haqda mətbuata ətraflı məlumat veriləcək".
Ramiz Mehdiyevin iclasda iştirak etməsi ilə bağlı suala isə o belə cavab verib:" Ramiz Mehdiyevin iştirakı ilə bağlı məlumatım yoxdur".
Qeyd edək ki, nizamnaməyə uyğun olaraq, akademiyanın prezidenti vəzifəsindən getdikdə, seçki keçirilənə qədər onun funksiyalarını birinci-vitse prezident yerinə yetirir. Akademik Arif Həşimov hazırda akademiyanın birinci vitse-prezidentidir və seçkiyə qədər bu funksiyaları o yerinə yetirəcək.
AMEA-ya yeni prezident seçkilərinin nə zaman keçiriləcəyi isə məlum deyil.