İslamda “Hacı”, “Kərbəlayi”, “Məşədi” anlayışları yoxdur – Bəyanat
Bu il Azərbaycandan 3600 nəfər Kəbə evini ziyarət edəcək.
Azia.az Modern.az-a istinadən xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə zəvvarlar mənzilbaşına çatmaq üçün yalnız təyyarədən istifadə edəcəklər.
Bu il Azərbaycan zəvvarlarını Həcc ziyarətinə Fransanın “France Air” aviaşirkətinin təyyarələri aparır. Ziyarət iki variantda təşkil olunub. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.
Adətən müqəddəs yerləri ziyarət edib geri qayıdanların adlarının əvvəlinə “Hacı” kəlməsi artırılır.
Amma son zamanlar bəzi dindarlar, ilahiyyatçılar hesab edirlər ki, İslamda “Məşədi”, “Hacı” “Kərbəlayi” kimi anlayışlar yoxdur.
İlahiyyatçı Elşad Miri deyir ki, bütün dinlərdə “Həcc” anlayışı mövcuddur. İslam dinində də “Həcc” anlayışı İbrahim peyğəmbərin vaxtında olan Kəbənin ziyarəti ilə bağlıddır:
“Bu təxminən 630-cu ilə təsadüf edir. O zaman da imkanı olan insanların ömründə bir dəfə Həcc ziyarətinə getməsi fərz idi. Mən özüm də bir dəfə Həcc ziyarətində olmuşam. Peyğəmbərimiz də həmin bölgədə yaşamağına baxmayaraq, ömründə bircə dəfə Həcc ziyarətində olmuşdu. Amma buna baxmayaraq, kimsə ona “Hacı Məhəmməd Peyğəmbər” deməyib. Yəni bu titulların İslamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.
E.Miri deyir ki, zəvvarlar ziyarət zamanı bir-birini “Hacı” adlandırırlar:
“Orda olanda insanlar bir-birinə “Hacı”, “Həci” deyirlər. Təsəvvür edin ki, hərbi xidmətdəsiniz, sizi “əsgər Məmmədov” deyə çağırırlar. Amma əsgərlikdən sonra görüşəndə hansısa zabit, yaxud əsgər yoldaşınız sizə o cür müraciət etmir. Yəni bu da eyni şeydir. Namaz qılırsansa, sənə “Namaz İntiqam” demirlər ki. Bu da bir ibadətdir və imkanın varsa, yerinə yetirməlisən”.
İlahiyyatçı ziyarətə avtobusla, yaxud digər minik vasitələri ilə getməyin daha fəzilətli hesab olunmasına da münasibət bildirib:
“Əfsuslar olsun ki, bəzi dindar yox, dini dar insanlar iddia edirlər ki, avtobusla getmək daha savabdır. Peyğəmbərimizin dövründə ən rahat və komfortlu minik vasitəsi at, dəvə idi. O da bu minik vasitələrindən istifadə edərək ziyarətə yollanmışdı. Burda maddi məsələ var. Həccə gedən insan yola, otelə, yemək və sair məsələlərə pul xərcləyir. Üstəlik də o gələnə kimi ailə üzvlərinin ruzisini qoyub getməlidir. Ora gedən insanlarda belə bir məqamı müşahidə etmişəm. Bəzisini atası göndərir, bəzisini hansısa imkanlı şəxs”.
Ekspertə görə, bir çoxları Həccin əməllərindən layiqincə istifadə etmirlər. Həcci fərqli bir şəkildə orda hardasa qalmaq, daş atmaq kimi başa düşürlər:
“Həccin mahiyyətini dərk edən azdır. Həccin mahiyyətini dərk edən həyatına yeni bir mizan vermiş olur. Elə bil kompüteri fortmat edirsən. Formatlamadan sonra kompüter daha yaxşı işləməlidir. Eləsi var ki, elədiyi günahları bu dəfə “Hacı” adı altında həyata keçirir.
Gedib Vatikanda hansısa kilsəni ziyarət etməklə, Həccin mahiyyətini anlamadan Kəbəni ziyarət etmək eyni şeydir”.