Füzulidə ilk yaşayış məhəlləsi inşa ediləcək - RƏSMİ
Füzuli şəhərində yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı müvafiq göstərişlərinə əsasən, işlər uğurla davam etdirilməkdədir.
Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb. Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.
Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.